YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Əfqanıstan prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni dinamizm gətirəcək

Əfqanıstan prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə yeni dinamizm gətirəcək. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycan ilə Əfqanıstan arasında münasibətlər tarixi tellərlə də bağlıdır: “Hər iki dövlətin Böyük İpək Yolu ölkələri olması və əsas yollardan birinin Əfqanstan ərazisindən keçməsi tarixi baxımdan və bugünki reallıqlar fonunda çox əhəmiyyətlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış sənədlərdən biri də İpək Yolunun təşviqi ilə bağlıdır. Yəni İpək Yolu məsələsi bu gün çox aktuallaşır və Əfqanıstanla münasibətlərdə də xüsusi rol oynayır”.

E.Nəsirov hesab edir ki, iki ölkə arasında əsas məsələlərdən biri də təhlükəsizlikdir: “Azərbaycan Əfqanıstanın təhlükəsizlik məsələsində, xüsusilə beynəlxalq terrorizmə qarşı mübarizə məsələsində əsas tərəfdaşlardan biri olub və beynəlxalq antiterror koalisiyasının bir üzvü kimi Əfqanıstanda təhlükəizliyin təmin edilməsinə öz töhfəsini verir. Təbii ki, bu reallıq da Azərbaycan ilə Əfqanstan arasında münasibətlərdə xüsusi rol oynayır”.

Deputat bildirib ki, Əfqanıstan həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyini müdafiə edir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıdır.

E.Nəsirov qeyd edib ki, iki ölkə arasında iqtisadi baxımdan da əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan regionun ən inkişaf etmiş lider ölkəsidir və geniş iqtisadi potensiala malikdir. Bu baxımdan Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi Əfqanıstanın maraqlarına uyğundur. Eyni zamanda Əfqanıstan Azərbaycan üçün yeni bazar baxımından, Azərbaycan məhsullarının ixracı baxımından əhəmiyyətli rol oynaya bilər”.

E.Nəsirov bildirib ki, bu və ya digər amillər Azərbaycan-Əfqanıstan münasibətlərinin aktuallığını artıran məsələlərdir: “Hesab edirəm ki, dövlət başçılarının səfərləri ikitərəfli münasibətlərə yeni bir dinamizm vermiş olur. Bu nöqteyi nəzərdən Əfqanstan prezidentinin Azərbaycana səfəri həm iqtisadi, həm siyasi dialoq, həm humanitar, həm də digər sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açacaq”.

Qeyd edək ki, dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin yüksək vəzifəli nümayəndə heyəti ilə Azərbaycana bir günlük rəsmi dövlət səfəri gözlənilir.

 

DİGƏR Xəbərlər Arxiv