Xəbərlər
Azərbaycan-Türkiyə müttəfiqliyi: yeni reallıqlar
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Vətən müharibəsində tarixi Zəfərimiz regionda və dünya siyasətində yeni reallıqlar yaratdı. Bu reallıqlar Azərbaycan-Türkiyə münasibətlərində də yeni bir mərhələnin əsasını qoydu. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 15 iyun tarixində azad Qarabağa reallaşdırdığı ilk səfər çərçivəsində Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi dostluğun, qardaşlığın yeni tarixi mərhələsi kimi şərh edilir. Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı bu sənəd münasibətlərimizin gələcək inkişafının yol xəritəsini özündə ehtiva edir. Sənəddə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələri əhatə edilir. Nəzərdə tutulan hədəflər bu əməkdaşlığı daha da dərinləşdirəcək.
İki dost ölkənin əlaqələrindən bəhs edərkən ilk olaraq iqtisadi əməkdaşlığı xüsusi qeyd etmək istərdik. Reallıq budur ki, Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına, həmçinin nəqliyyat mərkəzinə çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi.
İki qardaş ölkə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycan 44 günlük Vətən müharibəsində yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında bu məqamı böyük qürur və sevinc hissi ilə qeyd etdi ki, bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik. Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram.
Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırdı. Bu sənəd ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurculuq işləri başlanan zaman dost ölkələrin bu işlərə cəlb ediləcəyini bildirmişdir. Qardaş Türkiyə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsində ölkəmizə hər bir dəstəyi göstərir. Cənab Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə Zəfər paradında səsləndirdiyi bu çağırışı xatırlatmaq istərdik: «Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!»
Dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir.
