Xəbərlər
Milli qurtuluşdan Zəfərə: müstəqil Azərbaycanın yüksəliş yolu
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olan günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişafının əsasının qoyulması baxımından mühüm mərhələ hesab edilir. Xalqımızın taleyində dönüş nöqtəsinə çevrilən bu günü yaradan şəxs isə Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev olmuşdur.
XX əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, ölkədə siyasi sabitliyin olmaması, iqtisadi böhran, idarəetmədə yaranmış problemlər və xarici təhdidlər müstəqilliyimizi ciddi təhlükə altında qoymuşdu. 1991–1993-cü illərdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət xalqın gələcəyə olan ümidlərini zəiflətmişdi. Dövlət idarəçiliyində təcrübəsizlik, hakimiyyət uğrunda mübarizə və daxili qarşıdurmalar ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyev Bakıya dəvət olundu. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu hadisə ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Sonralar həmin tarix Azərbaycan xalqının qurtuluş günü kimi tarixə düşdü. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, qanunçuluq bərpa edildi, dövlət institutları möhkəmləndirildi və milli həmrəylik yaradıldı. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas oldu.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması da Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanındı. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ölkənin iqtisadi inkişafında mühüm rol oynadı və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirdi. Ümummilli lider hər zaman xalqına arxalanır, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşını görürdü.
Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında uğurla inkişaf edir. Dövlət müstəqilliyimizin qorunması, iqtisadi tərəqqi, beynəlxalq nüfuzun artması və milli maraqların təmin olunması ümummilli liderin siyasi irsinin nəticələridir. Azərbaycanın əldə etdiyi nailiyyətlər onun uzaqgörən siyasətinin və möhkəm təməllər üzərində qurduğu dövlətçilik məktəbinin bəhrəsidir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Ulu Öndərin siyasi kursuna sadiqlik Azərbaycanı dünyada qalib, qüdrətli dövlət kimi tanıtdı. Dövlətimizin başçısı ata vəsiyyətini yerinə yetirərək torpaqlarmızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa edərək müstəqillik tariximizdə əbədi izini qoydu. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Nə qədər ki Azərbaycan var, nə qədər ki Azərbaycan xalqı var, o qədər də bu dövləti quran, onu əbədi inkişaf yoluna çıxaran Heydər Əliyev xalqın qəlbində əbədi yaşayacaq.
15 İyun – Milli Qurtuluş Günü təkcə tarixi hadisə deyil, həm də xalqımızın birliyinin, dövlətinə və liderinə inamının təcəssümüdür. Bu gün Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının, sabitliyin və inkişafın simvolu kimi qeyd olunur. Xalqımız hər il bu tarixi böyük ehtiramla anır, ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərini dərin minnətdarlıq hissi ilə yad edir. 15 İyun Azərbaycan xalqının taleyində dönüş yaradan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən və ölkəmizin inkişaf yolunu müəyyənləşdirən əlamətdar tarixdir. Bu tarixin memarı olan Heydər Əliyev müasir Azərbaycanın qurucusu kimi xalqımızın yaddaşında əbədi yaşayır və onun zəngin siyasi irsi gələcək nəsillər üçün etibarlı yol göstəricisi olaraq qalır.
