Xəbərlər
Hicran Hüseynova: Gənc qızların əsl vətəndaş kimi yetişməsi üçün dövlətlə bərabər cəmiyyət də məsuliyyət daşıyır
«Azərbaycan 1992-ci ildə BMT-nin İnsan Hüquqları Konvensiyasına qoşulub. Bununla bağlı milli konsepsiyamız var. Ənənəvi keçirilən uşaq forumları vasitəsilə azyaşlılar dövlət rəsmilərinə öz arzu və istəklərini çatdıra bilirlər». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
H.Hüseynova bildirib ki, gənc qızların əsl vətəndaş kimi yetişməsi üçün dövlətlə bərabər cəmiyyət də məsuliyyət daşıyır. Onun sözlərinə görə, ölkəmizdə qızların təhsildən yayınması halları var.
«Uşaqların təhsildən yayınması və erkən nikahlara cəlb olunması böyük fəsadlara gətirib çıxara bilər. Valideynlər bu məsələdə diqqətli olmalıdır. Son zamanlar Bakının bəzi kəndlərində erkən nikahların sayı artıb. Bunun üçün həmin yerlər müəyyən edilərək maarifləndirmə işləri aparılmalıdır. Komitə tərəfindən 30 minə yaxın ailəyə, 70 minə yaxın məktəb və digər təhsil ocaqlarına erkən nikahla bağlı maarifləndirici bukletlər göndərilib. Ölkə başçısının sərəncamı ilə uşaq hüquqlarına nəzarətin gücləndirilməsi üçün nəzarət qrupları yaradılıb. Uşaq və gənc qızlarla bağlı “Azərbaycan 2020-gələcəyə baxış” Konsepsiyasında uşaq və Azərbaycan ailəsi strategiyası əsasında bir çox məsələlər müzakirəyə çıxarılıb. Belə neqativ hallarla bağlı biz hər il monitorinqlər keçiririk»- deyə, DÖvlət Komitəsinin sədri vurğulayıb.