YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

15 İyun: Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış günlərdən biri

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

1993-cü il 15 iyun tarixindən bizləri 33 illik zaman ayırır. Bu tarixin Azərbaycanın həyatında əhəmiyyətli rolu keçilən yolun təhlilində özünün aydın ifadəsini tapır. Öncə bu reallığı qeyd edək ki, Azərbaycanın bu günü üçün Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin hansı təhlükələrlə, faciələrlə üz-üzə qaldığı məlumdur. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi.

Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. Ümummilli Lider Heydər Əliyev həmin dövrü belə xarakterizə etmişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir.  Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycanın dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Bu siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirir.

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ümummilli Liderin ən böyük arzusu Şuşanı, Qarabağı və Şərqi Zəngəzuru azad görmək idi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” çağırışı müasir müstəqil, qalib Azərbaycanın dünəninə baxış əsasında hazırkı dövrün reallıqlarının və qarşıdakı illərin hədəflərinin təqdimatı oldu.