Xəbərlər
Azərbaycan dövlətçiliyinin xilas günü
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla da Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək yenidən milli azadlığına, dövlət müstəqilliyinə nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Müstəqilliyin ilk illərində yaşanan problemlərə nəzər salaq. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdur. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Xalq ayağa qalxaraq öz xilaskarına- Ulu Öndər Heydər Əliyevə üz tutdu. Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Həmin vaxt Gəncə hadisələri yaşanır, ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz Ulu Öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu.
Əgər Heydər Əliyev o məqamda Azərbaycan rəhbərliyinə gəlməsəydi, bu gün Azərbaycan adlı bir dövlətin dünya siyasi xəritəsində mövcudluğundan belə söhbət gedə bilməzdi. Dahi şəxsiyyət Heydər Əliyevin qətiyyəti, dövlətçilik təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı o illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından xilas etdi.
1993-2003-cü illər tariximizə sabitlik, inkişaf, Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi yazılıb. Son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev Azərbaycanı o illərdə yaradılmış möhkəm təməl üzərində inkişaf etdirir, tariximizə zəngin uğur səhifələrinin yazılmasını təmin edir. Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır. Dövlətimizin başçısı ayrı-ayrı sahələr üzrə təsdiqlədiyi Dövlət Proqramları, inkişaf strategiyaları əsasında hədəflərin gerçəkləşməsinə nail olur. Bu gün Azərbaycan dünyaya təqdim etdiyi uğurlu inkişaf modeli ilə diqqətdədir. Ölkəmizin sülh təcrübəsi bu modeldə özünün aydın ifadəsini tapır. Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir. Hazırda dünya azad edilmiş ərazilərimizdə görülən işlərin əsasında Azərbaycanın müasir şəhərsalma təcrübəsini görür. Hər bir yenilik, müasir çağırışlar bərpa-quruculuq işlərində öz əksini tapır. Bütün bu uğurlar 15 iyun 1993-cü ildən başlanan Qurtuluş yolunun təqdimatlarıdır.
