YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib

İyunun 9-10-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın və Zəngilan rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində və Laçın şəhərində “Milli Qurtuluşdan Böyük Qayıdışa: Azad edilmiş ərazilərdə quruculuq və dayanıqlı inkişaf modeli” mövzusunda tədbirlər keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, onun əziz xatirəsi ehtiramla yad edilərək abidə önünə gül dəstələri düzülüb.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra 15 İyun - Milli Qurtuluş Gününə, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, Bakı Mühəndislik Universitetinin prorektoru, hüquq üzrə fəlsəfə doktoru  Mikayıl Zeynalov, müharibə veteranı, Əməkdar müəllim Bayram Məmmədov, Bakı Mühəndislik Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, tarix  elmləri doktoru, professor Şikar Qasımov, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev,  Bakı Ali Neft Məktəbinin müəllimi, tarix elmləri namizədi Ələmdar Şahverdiyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Cəmiyyətinin Laçın üzrə nümayəndəsi, şəhid Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova, Zəngilan rayon Ağsaqqallar Şurasının üzvü, “Azərbaycan Menecment və İnvestisiya  Korporasiyası” QSC-nin baş direktoru Emin Əliyev,  Zəngilan rayon sakini, Birinci Qarabağ müharibəsi qazisi, Vətən müharibəsi iştirakçısı Zakif Abbasov, Laçın rayon sakini, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Qəzənfər Hüseynov, idman jurnalisti Sənan Məhərrəmov, Laçın şəhər sakini, rayon ziyalısı Kifayət Sadıqova, Zəngilan rayon sakini, partiya fəalı Cəfər Cabbarlı və Laçın rayon Ə.H.Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbinin hərbi  rəhbəri, Vətən müharibəsi qazisi Taleh İsgəndərli çıxış ediblər.

Qeyd olunub ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas edib, ölkədə ictimai-siyasi sabitliyin və davamlı inkişafın əsaslarını formalaşdırıb. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işləri həyata keçirilir.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkənin hərtərəfli tərəqqisini təmin edib. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri, müasir şəhərsalma konsepsiyalarının tətbiqi, “ağıllı kənd” və “ağıllı şəhər” modellərinin reallaşdırılması Azərbaycanın güclü iqtisadi potensialının və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Natiqlər Böyük Qayıdış Proqramı çərçivəsində icra olunan layihələrin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, regionda dayanıqlı inkişafın, sosial rifahın və iqtisadi fəallığın güclənməsinə mühüm töhfə verdiyini bildiriblər. Vurğulanıb ki, azad edilmiş ərazilərdə inşa olunan yaşayış məntəqələri, müasir yol-nəqliyyat infrastrukturu, təhsil və səhiyyə müəssisələri, eləcə də digər sosial təyinatlı obyektlər dövlətin vətəndaş rifahına və insan kapitalına verdiyi önəmin göstəricisidir.

Qeyd olunub ki, Milli Qurtuluşdan başlanan inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib. Tarixi Zəfər və dövlət suverenliyinin tam bərpası nəticəsində Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri isə ölkənin siyasi iradəsini, iqtisadi qüdrətini və inkişaf potensialını əyani şəkildə nümayiş etdirir.

Tədbirlərin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Səfər çərçivəsində iştirakçılar Zəngilan rayonunda və Laçın şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar. Qeyd olunub ki, azad edilmiş ərazilərdə aparılan yenidənqurma layihələri Böyük Qayıdış Proqramının uğurlu icrasının və Azərbaycanın dayanıqlı inkişaf modelinin parlaq təzahürüdür.

Tədbir çərçivəsində şəhid ailələri və qazilər də ziyarət olunub.