YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lodzda “Azərbaycan-Polşa münasibətlərinin tarixi” mövzusunda tədbir keçirilib

Polşanın Milli Müdafiə Nazirliyinin Lodz şəhərində yerləşən Xarici Dillər Hazırlığı Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan-Polşa münasibətlərinin tarixi” mövzusunda tədbir keçirilib.

Səfirlikdən  bildiriblər ki, Mərkəzdə Azərbaycanın Müdafiə Nazirliyi ilə Polşanın Milli Müdafiə Nazirliyi arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq Planına uyğun olaraq, ingilis dili kurslarında Silahlı Qüvvələrimizin hərbi qulluqçuları təhsil alırlar.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov Azərbaycanın tarixindən söhbət açıb. O, ölkələrimizin münasibətlərinin qədim tarixə malik olduğunu söyləyib. Bildirib ki, ölkələrimiz arasında ilk diplomatik əlaqələr hələ 543 il əvvəl, yəni, Azərbaycan hökmdarı Uzun Həsən zamanında, 1472-ci ildə yaradılıb. Məhz həmin il ilk azərbaycanlı nümayəndələr Polşaya-Krakova səfər edərək kral ilə görüşüb, Azərbaycan hökmdarının məramını çatdırıblar.

XIX əsrdə ölkələrimizin tarixində oxşar hadisələrin baş verdiyini bildirən səfir həmin əsrin sonlarında Bakıda mövcud olan neft bumunun bir çox xarici ölkə mühəndis, memar, arxitektorları üçün gəlir baxımından cazibəli göründüyünü diqqətə çatdırıb. Bildirib ki, neft bumu dövründə Bakı və digər regionlarda polyak arxitektorları tərəfindən çoxlu sayda gözəl binalar inşa edilib. Dünyada ilk dəfə Azərbaycanda dənizdən neftin çıxarıldığını deyən H.Həsənov bu layihənin müəlliflərinin polyak Vitold Zqlinitski və Pavel Pototski olduğunu vurğulayıb.

1918-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra gənc respublikanın dövlət və hərbi quruculuğunda bir çox polyakların əvəzsiz xidmətinə toxunan səfir onların respublikanın süqutunadək ölkəmizin hüdudlarını tərk etmədiklərini, düşmənə qarşı canı bahasına azərbaycanlı qardaşları ilə birgə mübarizə apardıqlarını qeyd edib.

Tədbir zamanı Polşa ərazisində qoyulmuş abidələri əks etdirən təqdimat nümayiş etdirilib. Səfirlik tərəfindən Azərbaycan haqqında polyak dilində nəşr etdirilmiş kitablar H.Həsənov tərəfindən Mərkəzin kitabxanasına hədiyyə edilib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra səfir Mərkəzdə ingilis dili kurslarında iştirak edən Silahlı Qüvvələrimizin hərbi qulluqçuları ilə görüşüb.

 

DİGƏR Xəbərlər Arxiv