Xəbərlər
“Milli Qurtuluşdan Zəfərə Aparan Yol”
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı, Xətai Rayon İcra Hakimiyyəti və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə Aparan Yol” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, 1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi böhran, xaos və parçalanma təhlükəsi fonunda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı istiqamətində mühüm addımlar atıb.
R.Mirzəyev qeyd edib ki, məhz həmin dövrdə əsası qoyulan siyasi sabitlik və davamlı inkişaf strategiyası nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. O vurğulayıb ki, Milli Qurtuluşdan başlanan yol Azərbaycanı böyük uğurlara və tarixi Qələbəyə aparıb.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev Milli Qurtuluş Gününün Azərbaycanın müasir inkişaf tarixində müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkənin siyasi, iqtisadi və elmi potensialının güclənməsinə, beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib.
Professor Əfsun Sucayev elm və təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, gənclərin vətənpərvərlik ruhunda formalaşmasının, yüksək bilik və bacarıqlara yiyələnməsinin Azərbaycanın gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbir daha sonra diskussiya formatında davam edib.
