Xəbərlər
15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən “Milli Qurtuluşun Memarı: Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müasir Azərbaycanın inkişaf yolu” və “Heydər Əliyev irsi və müasir Azərbaycan” mövzularında tədbirlər keçirilib.
Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirlərdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində yeni mərhələnin başlanğıcı olub. Onun sözlərinə görə, həmin dövrdə ölkəni bürümüş siyasi böhran, xaos və anarxiya aradan qaldırılıb, vətəndaş qarşıdurmasının və separatizm meyillərinin qarşısı alınıb, dövlət müstəqilliyi qorunub saxlanılıb. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi, tənəzzül və parçalanma təhlükəsindən xilas olaraq inkişaf yoluna qədəm qoyub.
İ.İlyasov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlətçilik irsi ölkəmizin inkişafının əsasını təşkil edir. Onun müəyyən etdiyi demokratik və dünyəvi dövlətçilik kursu, güclü ordu quruculuğu strategiyası, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq siyasəti bu gün də uğurla davam etdirilir. Qeyd olunub ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və geosiyasi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasi kursun nəticəsi olaraq Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qazanılmış tarixi Zəfər Milli Qurtuluşdan başlanan dövlətçilik yolunun məntiqi nəticəsi və Ulu Öndərin ideyalarının təntənəsi kimi dəyərləndirilib.
Tədbirlərdə Bakı Mühəndislik Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, şəhid Elgin Abbaslının atası Ağayar Abbasov, partiya veteranı Varaşil Məmmədov, Milli Qəhrəman Qorxmaz Eyvazovun oğlu Asəm Eyvazov, YAP Laçın rayon təşkilatının 46 saylı ərazi partiya təşkilatının sədri Aygün Kərimova və digərləri Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün örnək olduğunu qeyd ediblər. Vurğulanıb ki, Azərbaycanın bugünkü inkişafı, tarixi Zəfəri və Böyük Qayıdış uğurları məhz Heydər Əliyev siyasi kursunun nəticəsidir.
Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən də bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın da daxil olmaqla azad olunmuş ərazilərdə müasir şəhərsalma prinsipləri tətbiq edilir, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra olunur, Böyük Qayıdış Proqramı çərçivəsində vətəndaşların doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışı təmin edilir.
Tədbirlərin sonunda YAP Laçın rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxs fəxri fərmanlarla təltif olunub, partiya sıralarına yeni qəbul edilən üzvlərə üzvlük vəsiqələri təqdim edilib.
