Xəbərlər
“Xalqımız müstəqillik əzmini bütün dünyaya nümayiş etdirib”
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində mühüm yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq ideyalarının təcəssümü kimi xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirib.
Bildirilib ki, Azərbaycan xalqının dövlətçilik ənənələrinin qorunub saxlanılmasında və müstəqilliyimizin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter alıb, ölkə sabitlik və inkişaf yoluna çıxıb.
Qeyd olunub ki, bu gün Ümummilli Liderin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada mövqeyini daha da gücləndirib, ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək yeni inkişaf mərhələsinə qədəm qoyub.
Çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlətçilik ənənələri bu gün də xalqımızın milli-mənəvi dəyərlərinin və müstəqil dövlət quruculuğunun əsasını təşkil edir. O vurğulayıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti mühüm demokratik prinsiplərə əsaslanan dövlət modeli formalaşdıraraq tariximizdə silinməz iz qoyub.
Digər çıxış edənlər Əliquli Nərimanov 56 ünvanı (Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil sektoru) üzrə ərazi partiya təşkilatının sədri Pərviz Nurməmmədov və Barlı qəsəbə ərazi partiya təşkilatının sədri Nigar Məmmədli qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizin ən çətin dövrlərində xalqın taleyini öz üzərinə götürərək ölkəni parçalanma və tənəzzül təhlükəsindən xilas edib, sabitlik və inkişaf yolunun əsasını qoyub.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
