YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil dövlətçilik ənənələrinin əsası

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan xalqının tarixində yeni bir mərhələ başlandı. Bu hadisə yalnız Azərbaycan üçün deyil, bütün müsəlman Şərqi üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respublika kimi tarixə düşdü. Məhz bu dövlətin yaranması ilə XX əsrdə Azərbaycan xalqının  qoyuldu və milli azadlıq ideyaları real siyasi məzmun qazandı.

XX əsrin əvvəllərində dünyada və regionda baş verən siyasi hadisələr, xüsusilə Rusiya imperiyasının zəifləməsi və 1917-ci il inqilabları Qafqaz xalqlarına müstəqillik uğrunda mübarizə aparmaq imkanı yaratdı. Bu mürəkkəb və gərgin şəraitdə Azərbaycan xalqının qabaqcıl ziyalıları və siyasi xadimləri milli dövlət yaratmaq üçün mühüm addımlar atdılar. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şura tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu.

İstiqlal Bəyannaməsi xalqın suveren hüquqlarını təsbit edən mühüm tarixi sənəd idi. Bu sənəddə Azərbaycanın müstəqil dövlət olduğu, hakimiyyətin xalqa məxsusluğu, bütün vətəndaşların hüquq bərabərliyi, milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin azad yaşamaq hüququ təsdiq edilirdi. Bu prinsiplər həmin dövr üçün olduqca mütərəqqi hesab olunurdu və Azərbaycan dövlətinin demokratik əsaslar üzərində qurulduğunu göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm işlər gördü. Yeni hökumət ölkədə parlament sistemi yaratdı, milli ordu formalaşdırdı, dövlət atributlarını qəbul etdi və beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət ayırdı. Parlamentin fəaliyyəti dövründə müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması demokratik dəyərlərə verilən önəmin göstəricisi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əsası qoyulan müstəqil dövlətçilik ənənələri Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur. AXC milli dövlət ideyasını formalaşdırmış, müasir Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi bazasını yaratmışdır. Bu irs sonrakı nəsillər üçün yol xəritəsi olmuş və müstəqillik ideyası heç vaxt unudulmamışdır.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Xalq Cümhuriyyətinin ideyaları yeni dövrdə davam etdirilməyə başlanmışdır. Bu prosesdə Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət quruculuğu siyasəti xüsusi rol oynamış, müstəqil Azərbaycanın möhkəmləndirilməsi və sabitliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndər Cümhuriyyətin irsini milli ideologiyanın əsas sütunlarından birinə çevirmişdir.

Bu gün isə həmin siyasi kurs İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoyaraq daha da güclənmiş, iqtisadi, siyasi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Bu inkişaf Xalq Cümhuriyyətinin ideallarına əsaslanan müasir dövlətçilik modelinin davamı kimi çıxış edir.

Azərbaycan Xalq Cümhuriyyətinin əsas prinsipləri müstəqillik, hüquqi dövlət quruculuğu, vətəndaş bərabərliyi və demokratik idarəçilik bu gün də Azərbaycan Respublikasının siyasətində öz əksini tapır. Ölkənin beynəlxalq aləmdə mövqeyinin güclənməsi, iqtisadi inkişafı və dövlət institutlarının möhkəmləndirilməsi məhz həmin tarixi ənənələrin müasir dövrdə davamıdır.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli qürur mənbəyidir. Bu dövlətin qurucuları xalqın azadlığı, müstəqilliyi və gələcəyi uğrunda böyük fədakarlıqlar göstərmişlər. Onların həyata keçirdiyi ideyalar müasir Azərbaycanın inkişafında və dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynayır. 28 May – Müstəqillik Günü bu baxımdan xalqımız üçün yalnız tarixi bir hadisə deyil, həm də azadlıq, milli birlik və dövlətçilik rəmzidir.Ulu Öndər Heydər Əliyevin dediyi kimi, müstəqilliyimiz sarsılmazdır, dönməzdir və əbədidir. Heç bir qüvvə Azərbaycanın müstəqilliyi üçün təhdid və təhlükə yarada bilməz. Güclü Azərbaycan dövlətinin qarşısında bütün təhdid və təhlükələr iflasa məhkumdur.

DİGƏR Xəbərlər Arxiv