YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müstəqillik yolu: tarixi dövlətçilikdən mühüm zəfərlərə

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

XX əsrin əvvəlləri tariximizdə milli oyanış, azadlıq idealarının güclənməsi və dövlətçilik arzularının gerçəkləşməsi dövrü kimi xüsusi əhəmiyyət daşıyır. Məhz bu tarixi mərhələdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik respublika kimi xalqımızın siyasi iradəsini, milli birlik və müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi. 28 may 1918-ci il yalnız Azərbaycanlıların deyil, bütövlükdə müsəlman aləminin tarixində mühüm dönüş nöqtəsi olmaqla, xalqımızın müasir dövlətçilik ənənələrinə və demokratik idarəçilik qabiliyyətinə malik olduğunu bəyan etdi. Cümhuriyyət dövründə bir sıra istiqamətlərdə, xüsusilə dövlət atributlarının yaradılması, qadınlara seçki hüququnun verilməsi, Parlamentin və milli ordunun qurulması, Bakı Dövlət Universitetinin təsis edilməsi, xalqın milli-mənəvi dəyərlərinin qorunmasına, ölkədə elm və maarifçiliyin inkişafına, cəmiyyətin siyasi şüurunun yüksəlməsinə mühüm töhfə verdi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli kimlik şüurunun inkişaf etdirilməsində, müasir müstəqil Azərbaycanın ideoloji əsaslarının müəyyənləşməsində əvəzsiz rol oynadı, xalqımızın azadlıq iradəsinin təcəssümü oldu. 1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırılsa da, onun ideyaları xalqın yaddaşında yaşamağa davam etdi, SSRİ dövründə belə azadlıq və müstəqillik arzusu milli düşüncədən silinmədi. XX əsrin sonunda Sovet İttifaqının tənəzzülə uğraması neçə illər azadlıq həsrəti çəkən azərbaycanlıların milli özünüdərk hissinin daha da güclənməsinə, istiqlal arzularının yenidən alovlanmasına və müstəqillik uğrunda apardıqları mübarizənin geniş vüsət almasına səbəb oldu. Xalqın azadlıq iradəsi meydan hərəkatlarında, milli birlik nümayişində və dövlət müstəqilliyinin bərpası uğrunda aparılan siyasi proseslərdə öz əksini tapdı. Nəticədə Azərbaycan xalqı uzun illərdən sonra XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşdu. Lakin həmin dövrdə baş verən siyasi hərc-mərclik, vahid rəhbərliyin olmaması, ölkənin çətin iqtisadi durumu gənc respublikanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyurdu. Belə bir ağır zamanda xalqının harayına çatan, müstəqilliyini itirmək təhlükəsinin astanasında olan Azərbaycanı çətin sınaqlardan üzüağ çıxarmaq kimi tarixi missiyanı öz çiyinlərinə götürən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə ictimai-siyasi sabitliyin bərpasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və milli birliyin təmin olunmasına zəmin yaratdı. Dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəçiliyində ardıcıllıq təmin edildi, iqtisadi tənəzzülün aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəsə nail olunması, elə həmin ildə “Əsrin müqaviləsi” kimi mühüm əhəmiyyətə malik olan kontraktın imzalanması, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, bununla yanaşı ölkənin gələcək perspektivlərini müəyyən edən mühüm islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, hüquqi-demokratik dövlət quruculuğunun təmin edilməsinə və sosial-iqtisadi inkişafın əsaslarının formalaşdırılmasına geniş imkan yaratdı. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik bərqərar oldu, beynəlxalq münasibətlər sistemi içərisində Azərbaycanın mövqeyi gücləndi, xarici investisiyaların cəlb olunması iqtisadi yüksəlişə təkan verdi. “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi” ifadəsini öz çıxışlarında qeyd edən Ümummilli lider Heydər Əliyevin gərgin əməyi, tarixi fəaliyyətləri, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan dövlətçiliyi qorundu, möhkəmləndirildi və davamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə daha da zənginləşdirilərək uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar, eləcə də yüksələn xətlə davam etdirilən beynəlxalq əlaqələr nəticəsində Azərbaycanın siyasi və iqtisadi qüdrəti daha da artır, ölkəmizin beynəlxalq aləmdə nüfuzu möhkəmlənir, regional və qlobal təşəbbüslərdə fəal iştirak edən etibarlı tərəfdaş kimi mövqeyi güclənir. Bu gün Azərbaycan 108 illik müstəqillik tarixi ilə qürur duyaraq, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında Prezident cənab İlham Əliyevin liderliyi ilə müasir inkişaf mərhələsinə qədəm qoyur, milli dəyərlərə söykənən və gələcəyə hesablanmış siyasət nəticəsində siyasi sabitliyini daha da möhkəmləndirir, nailiyyətlərini ildən-ilə artırır, beynəlxalq nüfuzunu genişləndirir və güclü dövlətçilik ənənələrinə əsaslanan müasir, qüdrətli və dayanıqlı inkişaf modelini uğurla davam etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ zəfərindən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin gücünü, dövlətimizin qüdrətini və gələcəyə olan inamını nümayiş etdirir. Yenidən qurulan şəhər və kəndlər, salınan yollar, məktəblər, xəstəxanalar və digər infrastruktur layihələri həmin ərazilərdə həyatın bərpasını təmin etməklə yanaşı, Böyük Qayıdış prosesinin uğurla həyata keçirildiyini göstərir. Üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması xalqımızın milli qürur mənbəyi olmaqla yanaşı, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu bir daha təsdiq edir.

DİGƏR Xəbərlər Arxiv