YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

28 May - Milli dövlətçilik ənənələrimizin qürur və zəfər tarixi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, bütövlükdə müsəlman Şərqinin ilk parlamentli demokratik respublikası kimi tarixə düşmüşdür. 1918-ci ilin dekabr ayında fəaliyyətə başlayan parlament həmin dövr üçün olduqca mütərəqqi prinsiplər əsasında formalaşdırılmış, xalq hakimiyyətinin və demokratik idarəetmənin bariz nümunəsinə çevrilmişdir. Parlamentdə müxtəlif siyasi qüvvələrin və millətlərin təmsil olunması demokratik dəyərlərə verilən yüksək önəmin göstəricisi idi. Eyni zamanda, Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verilməsi Azərbaycan Xalq Cümhuriyyətinin insan hüquq və azadlıqlarına sadiqliyini nümayiş etdirən mühüm tarixi addımlardan biri olmuşdur.

Cümhuriyyət dövründə milli ordunun yaradılması, maarif və səhiyyə sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin formalaşdırılması, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi dövlətçilik əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli dövlət bayrağının qəbul edilməsi isə milli kimliyimizin və istiqlal ideallarımızın rəmzinə çevrilmişdir.

Bu gün müasir müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi onun zəngin dövlətçilik irsini yaşatmaqda və inkişaf etdirməkdədir. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin öyrənilməsinə və təbliğinə hər zaman böyük önəm vermiş, milli dövlətçilik ənənələrinin qorunmasını mühüm vəzifə kimi müəyyən etmişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə üçrəngli Azərbaycan bayrağı yenidən rəsmi şəkildə qaldırılmış, milli istiqlal ruhunun yaşadılması istiqamətində mühüm addımlar atılmışdır.

Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi baxımından həlledici rol oynamışdır. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edilmiş, hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirilmiş, Azərbaycanın beynəlxalq mövqeyi daha da gücləndirilmişdir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, siyasi və iqtisadi qüdrətini daha da artırmışdır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən birinə çevrilmişdir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan müqəddəs üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır. Bu, xalqımızın milli birliyinin, dövlətimizin gücünün və müstəqilliyimizin sarsılmazlığının ən parlaq təzahürüdür.

Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Bu gün Azərbaycanın qazandığı bütün uğurların əsasında milli maraqlara söykənən siyasət, xalq-iqtidar birliyi və müstəqil dövlətçilik ənənələrinə sadiqlik dayanır.

Qalib və qüdrətli Azərbaycan dövlətinin müstəqilliyi əbədi, dönməz və sarsılmazdır. Dövlət başçısının qeyd etdiyi kimi, “Müstəqillik ən böyük sərvətimizdir”. Bu müqəddəs sərvətin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının ən ali vətəndaşlıq borcudur.

DİGƏR Xəbərlər Arxiv