Xəbərlər
Kürdəmirdə Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Atakişili kənd 1” (DSMF-nin 1 saylı Mərkəzi Aran Regional filialı) ərazi partiya təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötdüyünü deyib. O qeyd edib ki, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli-siyasi şüurunun və yüksək mədəniyyətinin təzahürü idi. Cümhuriyyətin fəaliyyəti uzun sürməsə də, cəmi 23 ay ərzində mühüm dövlətçilik ənənələri formalaşdırılıb, böyük işlər görülüb.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan dövlətinin möhkəm təməli qoyulub, ölkə parçalanmaq təhlükəsindən xilas olunub və dövlətçiliyimiz əbədi təmin edilib. Bildirilib ki, bu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan xalqının yenilməzliyini, dövlətimizin gücünü və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirib.
Tədbirdə çıxış edən “Atakişili kənd 1” ərazi partiya təşkilatının sədri Teymur Hüseynov və partiya üzvləri Asif Əliyev və Elşad Qurbanov bildiriblər ki, bu gün Azərbaycanın adı dünya dövlətləri sırasında böyük hörmətlə çəkilir. Güclü ordu, dayanıqlı iqtisadiyyat və milli birlik ölkəmizi regionun lider dövlətinə çevirib. Qeyd edilib ki, Azərbaycan xalqı tarix boyu müxtəlif çətinliklər və ağır sınaqlarla üzləşsə də, azadlıq və müstəqillik arzusu heç vaxt sönməyib.
