Xəbərlər
Azərbaycan müstəqil siyasəti ilə davamlı uğurlara imza atır
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il keçir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. “Müstəqillik yolu qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləyən Ümummilli Lider Heydər Əliyev, eyni zamanda bildirmişdir ki, milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açdı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çətin günlərdən şərəflə çıxaraq dünya birliyində layiqli yer tutacağını böyük inam və qətiyyətlə bildirmişdir. Bu gün bu kursun layiqli davamçısı Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, təkmil islahatları ilə Azərbaycanın imzasını dünyada təsdiqləyir, əsl söz sahibi olduğunu bəyan edir. İqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır. Müstəqillik tariximizi yalnız bir gün deyil, daim vərəqləməli, indiki və gələcək nəsillərə çatdırmalıyıq. Xalqımızın qəhrəmanlıqla dolu keçmişi vardır. Bu keçmişi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.
108 illik yolun uğurlarının təqdimatı olan bugünkü müasir müstəqil, qalib Azərbaycan daim zəfərlərə doğru inamla irəliləyir. Ötən Müstəqillik Günündən bu günə hadisələrin xronologiyasına diqqət yetirdikdə davamlı uğurların şahidi oluruq. Hazırda qalib Azərbaycan həyatının yeni dövrünü yaşayır. Tarixi sahibinə qovuşan torpaqlarımız cənnət məkana çevrilir. Azərbaycan təkmil dirçəliş modeli ilə dünyaya şəhərsalmanın müasir təcrübəsini təqdim edir.
Təbii ki, müstəqillik tariximizin uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, Azərbaycan müstəqil siyasəti ilə davamlı uğurlara imza atır, sözünün imzası qədər əhəmiyyətli olduğunu hər addımında təsdiqləyir. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi dünyanın diqqətindədir. Hazırda sülh şəraitində yaşayır, bununla qürur duyuruq. Müstəqilliyimiz əbədidir, dönməzdir.
