Xəbərlər
Şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların qəhrəmanlıq yolunun gənc nəslə təbliği və vətənpərvərlik ruhunun aşılanması məqsədilə silsilə tədbirlər keçirib.
YAP Kəlbəcər rayon təşkilatı, Kəlbəcər Rayon İcra Hakimiyyəti və Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən şəhid Şahin Çıraqov adına Kəlbəcər rayon 36 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi Şahin Çıraqovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərdən və ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasından bəhs ediblər.
Tədbir çərçivəsində şəhid Şahin Çıraqovun keçdiyi döyüş yolu və göstərdiyi şücaət haqqında geniş məlumat verilib, məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəallıq göstərən bir qrup üzvə fəxri fərmanlar təqdim olunub.
Bununla yanaşı, Bərdə şəhəri Yeni qəsəbədə fəaliyyət göstərən Kəlbəcər rayon 79 nömrəli tam orta məktəbdə Qarabağ müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Zahid Daşqın oğlu Musayevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon təşkilatının nümayəndələri, şəhid ailələri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Bərdə şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları önünə gül dəstələri düzülərək onların əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, şəhid Zahid Musayevin həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər Zahid Musayevin Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələrindən, Vətənə sədaqətindən və keçdiyi şərəfli döyüş yolundan bəhs edərək bildiriblər ki, şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycan xalqının birliyinin, qəhrəman əsgər və zabitlərimizin şücaətinin nəticəsidir. Tədbirin sonunda məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda bədii kompozisiyalar nümayiş etdirilib, partiya fəaliyyətində fərqlənən bir qrup şəxs fəxri fərmanlarla təltif olunub.
Eyni zamanda, Qarabağ müharibəsi şəhidi Yalçın Mustafayevin xatirəsinə həsr olunmuş açıq Respublika turniri baş tutub. Açılış mərasimində YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycan Savate Federasiyasının prezidenti Rafiq Əliyev, Bakı Dövlət Universitetinin dekanı Ələmdar Cabbarlı, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər şəhid Yalçın Mustafayevin keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edərək bildiriblər ki, belə tədbirlər gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği və şəhidlərin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Turnirdə Bakı şəhəri ilə yanaşı Gədəbəy, Astara, Gəncə və digər bölgələrdən olan komandalar iştirak edib. Ümumilikdə 16 komandanın və 200-ə yaxın idmançının qatıldığı yarış yüksək idman ruhu və təşkilatçılığı ilə yadda qalıb. Yarışın sonunda qaliblərə diplom və medallar təqdim olunub.
