Xəbərlər
YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib
“Səhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Pənahlılar kənd ərazi partiya təşkilatında (ƏPT) “Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirir” mövzusunda yığıncaq keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın keçdiyi misilsiz inkişaf yolundan, əldə olunan uğurlardan bəhs edib. Təşkilat sədri mayın 17-dən 22-dək Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyasının qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformalarından biri kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu vurğulayıb.
Vüqar İsayev qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhər inkişafı, müasir urbanizasiya çağırışları, inklüziv yaşayış mühitinin formalaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edir: “Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal əməkdaşlıq platformalarında artan nüfuzunun və beynəlxalq etimadın mühüm göstəricisidir. Bu gün Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlərarası dialoqu təşviq edən ölkə kimi öz mövqeyini daha da möhkəmləndirir. Qədim şəhərləri və memarlıq üslubu ilə fərqlənən Azərbaycanda şəhərsalma siyasəti dövlət idarəçiliyinin prioritetlərindən biridir və cari ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu sahəyə verilən xüsusi önəmin göstəricisidir.
Tədbirdə partiya fəalı Qismət Kərimov “Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirir” mövzusunda məruzəsi dinlənildikdən sonra ƏPT sədri Faiq Mehdiyev, natiqlərdən Əlikram Hüseynov və digərləri çıxış edərək Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun artdığını diqqətə çatdırıblar.
