Xəbərlər
WUF13: urban inkişafın müzakirə olunduğu qlobal əməkdaşlıq plaforması
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə dövründə yenidənqurma ilə bağlı mühüm fikirlər səsləndirmişdir. Prezident öz çıxışında Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı şəhərsalma layihələrinin yalnız infrastrukturun yenilənməsinə deyil, həm də insanların rifahının yüksəldilməsinə, ekoloji tarazlığın qorunmasına və müasir yaşayış standartlarının təmin edilməsinə xidmət etdiyini vurğulamışdır.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan şəhərsalma siyasətində innovativ yanaşmaları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını əsas prioritetlərdən biri kimi müəyyən edib. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin dünyada nadir nümunələrdən biri olduğu diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, dağıdılmış şəhər və kəndlərin yenidən qurulması zamanı yalnız əvvəlki vəziyyətin bərpası deyil, daha müasir, ekoloji cəhətdən dayanıqlı və yüksək həyat standartlarına cavab verən yaşayış məkanlarının yaradılması hədəflənir.
Prezident İlham Əliyev çıxış zamanı vurğulanmışdır ki, Azərbaycanın şəhərsalma siyasəti insan amilinə əsaslanır. Yeni salınan yaşayış məntəqələrində məktəblər, xəstəxanalar, sosial obyektlər, parklar və nəqliyyat infrastrukturu vahid plan əsasında qurulur. Prezident qeyd etmişdir ki, şəhərlərin inkişafı yalnız tikinti ilə ölçülmür, əsas məqsəd insanlara rahat, təhlükəsiz və sağlam mühit yaratmaqdır.
Dövlətimizin başçısı İlham Əliyev, həmçinin iqlim dəyişiklikləri və ekoloji problemlərin müasir şəhərsalmanın əsas çağırışlarından biri olduğunu bildirib. Bu baxımdan alternativ enerji mənbələrinin tətbiqi, yaşıl texnologiyaların genişləndirilməsi və ətraf mühitin qorunması istiqamətində görülən işlərin Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm hissəsi olduğu vurğulanıb.
Forum çərçivəsində səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan müasir şəhərsalma sahəsində beynəlxalq təcrübəni uğurla tətbiq etməklə yanaşı, postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı layihələrlə dünyaya yeni inkişaf modeli təqdim edir. Bakı şəhərində keçirilən bu mötəbər beynəlxalq tədbir həm də Azərbaycanın qlobal şəhərsalma proseslərində fəal iştirakını və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirmişdir.Son illərdə Azərbaycanda şəhərsalma sahəsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Paytaxt Bakı ilə yanaşı, regionlarda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti və yenidənqurma layihələri ölkənin urbanizasiya xəritəsini tamamilə dəyişməkdədir. Müasir şəhərsalma siyasəti artıq yalnız yeni binaların inşası ilə məhdudlaşmır, eyni zamanda dayanıqlı inkişaf, “ağıllı şəhər” texnologiyaları, yaşıl enerji, rəqəmsal idarəetmə və insan mərkəzli yanaşmaları özündə birləşdirir.
Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələr beynəlxalq səviyyədə də diqqət çəkir. Xüsusilə BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində ölkəmizin təcrübəsi postmünaqişə dövründə nümunəvi yenidənqurma modeli kimi təqdim olunur.
İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri Azərbaycanın ən böyük şəhərsalma layihələrindən hesab olunur. Dağıdılmış şəhər və kəndlər müasir standartlara uyğun şəkildə yenidən qurulur. Burada əsas məqsəd yalnız yaşayış məntəqələrinin bərpası deyil, həm də tamamilə yeni urbanizasiya modelinin yaradılmasıdır.
Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində onlarla yaşayış məntəqəsinin baş planı hazırlanaraq təsdiqlənib. Yeni layihələrdə “ağıllı şəhər” və “ağıllı kənd” texnologiyalarının tətbiqi, yaşıl enerji və ekoloji təmiz infrastrukturun qurulması, müasir yol və nəqliyyat sisteminin yaradılması, rəqəmsal idarəetmə və xidmətlərin genişləndirilməsi, tarixi-mədəni irsin qorunması, həmçinin insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsi əsas prinsiplər kimi müəyyən olunub.
Bu model gələcəkdə dünyanın digər postmünaqişə regionları üçün də nümunəyə çevrilə bilər. Azərbaycanda şəhərsalmanın yeni mərhələsində “ağıllı şəhər” konsepsiyası xüsusi yer tutur. Bu konsepsiya şəhərlərin rəqəmsal texnologiyalar vasitəsilə idarə olunmasını nəzərdə tutur. Enerji, su, nəqliyyat, təhlükəsizlik və kommunal xidmətlər vahid rəqəmsal sistem üzərindən koordinasiya edilir.
Kəlbəcər, Zəngilan, Ağdam, Füzuli, Laçın və digər bölgələrdə həyata keçirilən layihələr artıq bu yanaşmanın real nümunəsi hesab olunur. Burada günəş və külək enerjisindən istifadə, ağıllı işıqlandırma sistemləri, rəqəmsal kənd təsərrüfatı və ekoloji həllər tətbiq edilir.
Şəhərsalma siyasəti yalnız Bakı və Qarabağla məhdudlaşmır. Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan və digər şəhərlərdə də yeni baş planlar hazırlanır. Bu planlar şəhərlərin gələcək inkişafını daha sistemli və dayanıqlı şəkildə təşkil etməyə xidmət edir. Naxçıvanda elektrik avtobuslarının istifadəsi, yeni nəqliyyat infrastrukturu və ekoloji layihələr şəhər nəqliyyatının modernləşdirilməsi istiqamətində mühüm addım sayılır. Şəhərsalmanın inkişafı ölkə iqtisadiyyatına da ciddi təsir göstərir.Yeni yollar, yaşayış kompleksləri, sənaye zonaları və logistika layihələri həm məşğulluğun artmasına, həm də regionların iqtisadi canlanmasına səbəb olur. Müasir infrastruktur xarici investisiyaların cəlb edilməsində də mühüm rol oynayır. Bununla yanaşı, şəhərsalma insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni məktəblər, xəstəxanalar, parklar, sosial obyektlər və ictimai məkanlar insanların daha rahat və təhlükəsiz mühitdə yaşamasına imkan yaradır.
Bu gün Azərbaycan şəhərsalma sahəsində regionun ən sürətlə inkişaf edən ölkələrindən biridir. Müasir memarlıq, ağıllı texnologiyalar, yaşıl enerji və dayanıqlı urbanizasiya prinsipləri ölkənin gələcək inkişaf modelinin əsasını təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri isə təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın diqqət mərkəzində olan nümunəvi şəhərsalma layihəsinə çevrilməkdədir. Azərbaycanın həyata keçirdiyi bu layihələr göstərir ki, şəhərsalma artıq sadəcə tikinti prosesi deyil, milli inkişafın, iqtisadi gücün və gələcəyə baxışın əsas göstəricilərindən biridir.
