Xəbərlər
“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda seminar keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbi çərçivəsində “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda növbəti seminar keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Seminarda çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, hüquqi dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O qeyd edib ki, xalqımızın tarixində dərin iz qoymuş böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyev uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və xilaskarlıq missiyası ilə Azərbaycanın müasir inkişaf yolunun əsasını qoyub.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi ölkədə iqtisadi, elmi və mədəni yüksəlişə təkan verib, milli-mənəvi dəyərlərin qorunmasına və azad düşüncənin formalaşmasına mühüm zəmin yaradıb. Vurğulanıb ki, totalitar sovet rejiminin sərt ideoloji nəzarətinə baxmayaraq, Ulu Öndər milli maraqların qorunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirib.
YAP Masallı rayon təşkilatının sədri çıxışında qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu uğurlu dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Hazırda Azərbaycan öz inkişafının ən parlaq mərhələsini yaşayır. Bildirilib ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması həyata keçirilən uzaqgörən siyasətin növbəti təzahürüdür. Eyni zamanda, Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını nümayiş etdirir.
Seminarda çıxış edən Şəhər 1 saylı məktəbin müəllimi Səməd Məmiyev və digərləri qeyd ediblər ki, Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix məhz belə dahilərin fəaliyyəti ilə formalaşır. Bildirilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra azərbaycançılıq ideologiyası dövlətin milli-siyasi məfkurəsinə çevrilib. Bu ideologiya ölkənin parçalanması təhlükəsinin qarşısının alınmasında və milli birliyin möhkəmləndirilməsində mühüm rol oynayıb.
