Xəbərlər
Bakı beynəlxalq tədbirə uğurla ev sahibliyi edir
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Bakı bir neçə gündür mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Təbii ki, paytaxt Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas mahiyyəti dünyadakı kəskin mənzil böhranına həllər tapmaq və şəhərləri iqlim dəyişikliyinə qarşı daha dözümlü və daha təhlükəsiz etməkdir. BMT tərəfindən idarə olunan bu Forum qlobal urbanizasiya problemlərinin müzakirə edildiyi ən böyük açıq dialoq platformasıdır. Bakıdakı sessiyanın mahiyyəti və əsas hədəfləri bir neçə strateji istiqamətlərdə cəmləşib. Satatistik göstəricilərə əsaslanaraq qeyd edə bilərik ki, dünyamızda təxminən 3 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır, 1.1 milyarddan çox insan isə qanunsuz məskənlərdə çətin mənzil-məişət şəraiti ilə mübarizə aparır. Forumun əsas məqsədi hər kəs üçün əlçatan, təhlükəsiz və layiqli mənzil təminatı modellərini formalaşdırmaqdır. Şəhərlər qlobal karbon qazı emissiyalarının böyük hissəsinə cavabdehdir. Bakı Forumunda mənzil tikintisi ilə iqlim böhranı arasındakı əlaqə araşdırılır. "Yaşıl binalar", enerji səmərəliliyi və təbii fəlakətlərə (zəlzələ, daşqın) qarşı dözümlü infrastrukturların qurulması yolları müzakirə edilir. Sonda iştirakçı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul ediləcək rəsmi sənədlər şəhərlərin idarə olunması, maliyyə resurslarının düzgün idarə edilməsi baxımından mühüm əhəmiyyətlidir və sözün əsl mənasında bu istiqamətdə bir yol xəritəsi olacaqdır.
Cari ilin mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış edib Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub.
20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.
Qeyd edək ki, Azərbaycan bu mötəbər Forumda işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda tətbiq etdiyi "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrini, digər müasir layihələri, həmçinin Bakı və Abşeronun modern təcrübəsini bütün dünyaya nümayiş etdirir.
Digər bir fakt ondan ibarətdir ki, bu Forumda yalnız dövlət və hökümət başçıları, nazirlər deyil, eyni zamanda QHT-lər, gənclər təşkilatları və xarici təşkilatların nümayəndələri də öz problemlərini dünya ictimaiyyəti qarşısında birbaşa qlobal səviyyədə çatdıra bilirlər.
