YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda dayanıqlı şəhərsalma mədəniyyətinin yeni nümunəsini təqdim edir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan 182 ölkədən 45 mindən artıq iştirakçını bir araya gətirərək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sesiyasına ev sahibliyi etməklə bu sahədə yeni inkişaf modelini dünyaya təqdim edir. Forum BMT tərəfindən 2001-ci ildə təsis olunub. Forumun məqsədi sürətli urbanizasiya proseslərinin şəhərlərin inkişafına təsirini araşdırmaq, dayanıqlı urbanizasiya siyasətinin təşviqinə nail olmaq, bu sahədə ölkələrin uğurlu təcrübələrini bölüşmək, açıq debat və müzakirələr vasitəsilə bilik mübadiləsini genişləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Forum dünya üzrə şəhərsalma sahəsində ən nüfuzlu - genişmiqyaslı iştirakçılığa malik platforma hesab olunur. Belə ki, məzmun və əhatə dairəsinə görə WUF BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından – COP-dan sonra Təşkilatın ikinci ən böyük və ən mühüm beynəlxalq tədbiridir. Qlobal urbanizasiya çağırışlarının müzakirə edildiyi WUF platformasında şəhərlərin gələcəyi, iqlim dəyişiklikləri, yaşayış məskənlərinin inkişafı, “ağıllı şəhər”lər, sosial inklüzivlik, ekoloji dayanıqlılıq və digər aktual məsələlər əsas müzakirə predmetinə çevrilir.

Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi beynəlxalq nüfuzunun, həyata keçirdiyi siyasətə dəstəyin, gələcəyə baxışının yüksək dəyərləndirilməsinin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı bütün bu məqamlara bir daha aydınlıq gətirdi. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan ölkə Prezidenti bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd etdi. “Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır” deyən cənab İlham Əliyev bildirdi ki, Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.

Prezident İlham Əliyevin çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri Qarabağda və Şərqi Zəngəzurda  aparılan genişmiqyaslı bərpa-quruculuq işləri oldu. 30 illik işğal dövründə şəhər və kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu. Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır. Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır: “Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir”.

Ölkəmiz bu ərazilərdə kompleks yenidənqurma işlərini həyata keçirir və bununla da regionda dayanıqlı şəhərsalma mədəniyyətinin yeni nümunəsini təqdim edir. Müasir şəhərsalma standartlarına uyğun şəkildə inşa edilən yaşayış məntəqələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji yanaşmaları, ekoloji dayanıqlılıq prinsipləri və innovativ infrastruktur həlləri regionda yeni şəhərsalma modelinin formalaşmasına xidmət edir.

DİGƏR Xəbərlər Arxiv