YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Rahat və təhlükəsiz şəhər mühiti əsas hədəflərdəndir

Faqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bakı bu gün təkcə növbəti beynəlxalq tədbirə ev sahibliyi etmir, həm də qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformasına çevrilib. Mayın 17-22 tarixlərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində dayanıqlı şəhərlərin gələcəyi, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar, inklüziv və təhlükəsiz urbanizasiya, müasir şəhər idarəçiliyi və yaşayış məskənlərinin inkişafı kimi mühüm mövzular geniş şəkildə müzakirə olunur. Bu müzakirələr qlobal şəhərsalma siyasətinin yeni istiqamətlərinin formalaşmasına töhfə verəcək. Forum BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilib. Tədbir Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, şəhərsalma sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdim olunması və ölkəmizin dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfənin daha geniş şəkildə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir iştirakçılarının say tərkibinə diqqət yetirsək Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini aydın şəkildə görə bilərik. 182 ölkədən 45 mindən artıq iştirakçı.

Dövlət başçısı İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında iştirakçıların sayının rekord həddə çatdığını qeyd edərək bildirdi ki, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub: “Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır. Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür”.

Cənab İlham Əliyev diqqəti, eyni zamanda, azad Qarabağda və azad Şərqi Zəngəzurda görülən işlərə yönəltdi. Qeyd edək ki, Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıq xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən ilk yüksəksəviyyəli BMT nümayəndəsi məhz UN-Habitat-ın o zamankı icraçı direktoru xanım Maimuna Mohd Şərif olub. Bu səfər Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və şəhərsalma fəaliyyətinin beynəlxalq səviyyədə diqqət çəkməsinə səbəb olub.

Son illərdə Azərbaycan və UN-Habitat bir sıra mühüm təşəbbüsləri birgə həyata keçiriblər. Belə ki, 2022-ci ildə Ağdam şəhərində 1-ci Milli Şəhərsalma Forumu təşkil olunub. 2023-cü ildə Zəngilanda 2-ci Milli Şəhərsalma Forumu və Ümumdünya Məskunlaşma Günü keçirilib. 2025-ci ildə isə Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu təşkil olunub. Bu tədbirlər Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübənin, tətbiq etdiyi innovativ yanaşmaların və dayanıqlı inkişaf modelinin beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm platformaya çevrilib. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun və geniş müzakirələrin aparıldığı beynəlxalq platforma rolunu oynayıb.

Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır. Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.

Azərbaycan şəhərsalmanın müasir təcrübəsinin nümayişi ilə diqqətdədir. Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”, DOST layihələrinin sırasına “ağıllı şəhər” və “ağıllı kənd” də daxil edilib. Müasir çağırışlar bu strategiyada özünün aydın ifadəsini tapır. Gələcəyin yeni şəhərinin modeli təqdim olunur.