Xəbərlər
Gəncədə “Heydər Əliyev məktəbi” adlı layihə uğurla davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə həyata keçirilən “Heydər Əliyev məktəbi” adlı layihə uğurla davam edir.
Layihənin ikinci günündə keçirilən seminarda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə “Heydər Əliyev və Azərbaycanda gender siyasəti” mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycanın müasir tarixinin mühüm bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Son yarım əsrdə ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında əldə olunan uğurların əsas memarı məhz Ulu Öndər olub.
P.Kərimzadə vurğulayıb ki, Azərbaycanın müasir gender siyasətinin formalaşmasında Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. Onun rəhbərliyi dövründə qadınların ictimai-siyasi həyatda iştirakının artırılması, gender bərabərliyinin təmin olunması və qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, Ulu Öndər Azərbaycan qadınının cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirərək onların dövlət idarəçiliyində və ictimai fəaliyyətlərdə fəal iştirakına xüsusi önəm verib.
“Heydər Əliyev və Azərbaycanın aqrar siyasətində islahatlar” mövzusunda çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov isə qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. O bildirib ki, Ulu Öndər kənd təsərrüfatının ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını daim diqqətdə saxlayıb.
Z.Qurbanov çıxışında vurğulayıb ki, həmin dövrdə pambıqçılıq, üzümçülük, taxılçılıq və heyvandarlıq sahələrində yüksək nəticələr əldə olunub, kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda kəndlərdə yeni suvarma sistemləri qurulub, texniki təminat gücləndirilib və kənd infrastrukturu inkişaf etdirilib. Bildirilib ki, sonrakı dövrdə həyata keçirilən torpaq islahatları, aqrar sahənin modernləşdirilməsi və fermer təsərrüfatlarının yaradılması ölkənin aqrar sektorunun inkişafına mühüm təkan verib.
Qeyd edək ki, 10 seminardan ibarət olan layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, Gəncə ASAN xidmət mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil mərkəzləri və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ümumilikdə 40 gənc əməkdaşı iştirak edir.
