Xəbərlər
Ümummilli Liderin 103 illiyi Tovuzda da qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının, Tovuz Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Ulu Öndərə həsr olunmuş rəsm və kitab sərgisi nümayiş etdirilib, iştirakçılar sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayonu üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktor müavini Kəmalə Abbasova, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Vüqar Əhmədov, Aşağı Öysüzlü kənd tam orta məktəbinin direktoru Səhər İmamverdiyeva və partiya veteranı Valeh Rzayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və ölkənin sosial-iqtisadi inkişafında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün də Azərbaycanın uğurlu gələcəyinin əsasını təşkil edir.
Vurğulanıb ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi kimi ölkədə sabitliyin təmin olunması, dövlət institutlarının formalaşdırılması və milli inkişaf strategiyasının müəyyən edilməsində həlledici rol oynayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonda rayon mədəniyyət işçilərinin ifasında konsert proqramı təqdim olunub.
