YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zirvə toplantısında səsləndirilən fikirlər qətiyyətli siyasi iradənin təzahürüdür

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin rolu onların təşəbbüskarlığı, diplomatik fəallığı və qlobal çağırışlara verdiyi töhfələrlə ölçülür. Azərbaycan məhz bu meyarlar üzrə özünü fəal və etibarlı tərəfdaş kimi təsdiq edərək qlobal və regional proseslərdə söz sahibinə çevrilmişdir. Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı ölkəmizin mühüm əhəmiyyətli məsələlərdə artan rolunu bir daha aydın şəkildə nümayiş etdirdi. Dövlət başçımızın qeyd etdiyi faktlar Azərbaycanın strateji yanaşmasını, sülh gündəliyinə verdiyi töhfələri və gələcəyə yönəlmiş inkişaf prioritetlərini əks etdirən mühüm məqamlardır. Post-müharibə dövründə ölkəmiz regionda yeni reallıqlar formalaşdırmış və bu reallıqlar əsasında əməkdaşlıq platformalarının qurulmasını təşviq etmişdir. Sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlar, kommunikasiyaların açılması təşəbbüsləri və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində atılan addımlar Azərbaycanın konstruktiv mövqeyini ortaya qoyur. Bununla yanaşı  sülhün əldə olunması faktı əsasında 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması və indiyə qədər Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılması ölkəmizin sülh prosesinə dəstəyinin real təzahürüdür. Məhz Azərbaycanın davamlı sülhə verdiyi töhfələr və nəticə olaraq Cənubi Qafqazın inkişaf edən, sabit bölgəyə çevrilməsi müasir dövrdə regional siyasətin ən mühüm istiqamətlərindən biri kimi çıxış edir. Bu məsələ təkcə ölkəmizin milli maraqları ilə məhdudlaşmır, eyni zamanda daha geniş coğrafiyada təhlükəsizlik, əməkdaşlıq və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin məzmunlu, qətiyyətli və mühüm məqamları özündə əks etdirən çıxışında ədalətli və balanslı beynəlxalq mövqenin vacibliyinin qeyd olunması, bir sıra Avropa təsisatlarının sülh prosesinə münasibətdə ikili standartlara yol verməsinin, Azərbaycana qarşı qərəzli mövqe sərgilənməsinin xüsusi vurğulanması, beynəlxalq münasibətlər sistemində obyektivlik, beynəlxalq hüququn norma və qaydalarına hörmət, dövlətlərin suverenliyinə bərabər yanaşma kimi prinsiplərin qorunmasının nə qədər zəruri olduğunu bir daha ön plana çıxarmış oldu, eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün bütün tərəflərin konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirməsinin əhəmiyyətinin vacibliyini əks etdirdi. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların ölkəmizə qarşı yönəlmiş, reallığı əks etdirməyən, heç bir əsası olmayan ittihamları onların ədalətsiz yanaşmasının, regiondakı real vəziyyəti obyektiv qiymətləndirmək istəməməsinin bariz nümunəsi olmaqla qarşılıqlı etimadın zəifləməsinə və əməkdaşlıq imkanlarının məhdudlaşmasına səbəb olur. Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən sonra Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı özündə heç bir faktı əks etdirməyən, əsassız olaraq 14 qətnamənin qəbul edilməsi ayrı-seçkilik və qeyi-obyektiv münasibətin əyani təzahürüdür. Eyni zamanda yanaşma göstərir ki, bu qurumlar regiondakı dəyişmiş geosiyasi vəziyyəti qəbul etməkdə çətinlik çəkir və proseslərə obyektiv deyil, siyasi təsirlər prizmasından baxır. Halbuki ikinci Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsi nəticəsində meydana çıxmış yeni reallıqlar, müharibədən sonra ölkəmizin davamlı sülhün əldə olunması üçün atdığı addımlar Cənubi Qafqazda sabitlik və əməkdaşlığa tarixi imkanlar yaratmış, gələcəkdə regionun uğurlu inkişafı üçün perspektivlər formalaşdırmışdır. Həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycan davamlı tərəqqi yolunda inamla irəliləyərək, iqtisadi gücünü artırır, beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir, bölgədə sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verərək qarşılıqlı faydalı münasibətlərin inkişafına nail olmaq istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Bu yanaşma həm ölkəmizin strateji mövqeyini daha da gücləndirir, həm də regionun gələcəkdə sabit, rifahlı və inteqrasiya olunmuş bir məkana çevrilməsi üçün mühüm zəmin yaradır.

DİGƏR Xəbərlər Arxiv