Xəbərlər
“Heydər Əliyev - xalqa həsr edilən ömür”
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası və “Heydər Əliyev - xalqa həsr edilən ömür” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl Pirallahı Sənaye Parkının yaxınlığında ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 200 ədəd ağac və gül kolu əkilib, ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində tədbirlər həyata keçirilib.
Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki tarixi xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyevin fəaliyyəti siyasi müdriklik, uzaqgörənlik, vətənpərvərlik və xalqa sədaqət nümunəsidir.
V.İmanov qeyd edib ki, Ulu Öndərin 1969-cu ildən etibarən Azərbaycana rəhbərliyi dövründə ölkənin sosial-iqtisadi inkişafının əsasları formalaşdırılıb, milli inkişaf strategiyası müəyyən edilib və dövlətçilik ənənələri möhkəmləndirilib. O vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursu bu gün uğurla davam etdirilir və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu kimi xalqımızın yaddaşında əbədi yaşayır. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar Azərbaycanın davamlı inkişafının əsasını təşkil edib.
E.Abasov vurğulayıb ki, 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasında və ölkənin parçalanmaq təhlükəsindən xilas olunmasında həlledici rol oynayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Heydər Əliyev siyasi kursunun uğurlu nəticəsidir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndər bütün fəaliyyəti dövründə milli-mənəvi dəyərlərin qorunmasına, azərbaycançılıq ideologiyasının formalaşdırılmasına və milli həmrəyliyin möhkəmləndirilməsinə xüsusi diqqət yetirib.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb, ölkəmizin enerji strategiyası və regional əməkdaşlıq modeli mühüm siyasi-iqtisadi platformaya çevrilib.
Tədbirdə çıxış edən Bakı şəhəri 186 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ayan Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladaraq bildirib ki, Ulu Öndərin dövlətçilik ideyaları milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və savadlı gənc nəslin formalaşmasında mühüm rol oynayır.
Rayonun ictimai həyatında fəal iştirak edən bir sıra təşkilatların rəhbərləri və nümayəndələri Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Tədbir bədii hissə ilə davam edib.
