Xəbərlər
İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə dərinləşmişdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur və bu müddət ərzində tərəflər qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelini formalaşdırmışdır. Siyasi sahədə Azərbaycan və İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin inkişafında mühüm rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliyanın müxtəlif dövrlərdə fəaliyyət göstərmiş rəhbərləri arasında keçirilən görüşlər ikitərəfli əməkdaşlığın istiqamətlərini müəyyən etmişdir. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və digər rəsmi şəxslərin Azərbaycana səfərləri əlaqələrin daha da möhkəmlənməsinə təkan vermişdir. Bu kontekstdə mayın 4-də İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloninin Bakıya rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüş və aparılan müzakirələr iki ölkə arasında strateji tərəfdaşlığın real məzmununu və yüksək səviyyəsini bir daha nümayiş etdirdi.
Səfər çərçivəsində tərəflər siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və xüsusilə enerji sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərini ətraflı müzakirə etdilər. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloni bu istiqamətlərin hər birinin strateji əhəmiyyət daşıdığını vurğulayaraq, mövcud əməkdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsinin vacibliyini qeyd etdilər. Xüsusilə enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi kontekstində Cənub Qaz Dəhlizi və onun mühüm hissəsi olan Trans-Adriatik Boru Kəməri layihələrinin rolu ön plana çəkildi. Bununla yanaşı, tərəflər yaşıl enerji, sənaye əməkdaşlığı, investisiya qoyuluşu və innovativ texnologiyaların tətbiqi kimi yeni istiqamətlər üzrə də birgə fəaliyyət imkanlarını nəzərdən keçirdilər ki, bu da münasibətlərin gələcəkdə daha çoxşaxəli inkişaf edəcəyini göstərir.
İqtisadi sahədə əməkdaşlıq xüsusilə enerji sektorunda özünü daha qabarıq şəkildə göstərir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkənin ixracında birinci yerlərdən birini tutur. Bu əməkdaşlığın əsasını enerji resurslarının Avropaya nəqli təşkil edir. Bu baxımdan Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri layihələri xüsusi əhəmiyyət kəsb edir. Bu layihələr Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində və Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. Layihələrin həyata keçirilməsində SOCAR və Eni kimi iri şirkətlər fəal iştirak edir.
Ticarət dövriyyəsinin həcmi ildən-ilə artmaqda davam edir. Azərbaycan əsasən xam neft və neft məhsulları ixrac etdiyi halda, İtaliyadan ölkəmizə maşınqayırma məhsulları, texnologiya avadanlıqları, tikinti materialları və digər sənaye məhsulları idxal olunur. Bununla yanaşı, qeyri-neft sektorunda da əməkdaşlıq üçün geniş potensial mövcuddur.
Ölkələrimiz arasında hərbi-texniki sahədə də ciddi əməkdaşlıq mövcuddur. Son dövrlər Azərbaycan müdafiə nazirinin İtaliyaya səfəri bu əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlardan sayıla bilər. Azərbaycan Hərbi Hava Qüvvələri üçün İtaliyadan yük təyyarələrinin alınması bu əməkdaşlığın konkret nəticələrindəndir. Bununla yanaşı, müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində də əməkdaşlıq perspektivləri genişdir.
Humanitar və mədəni sahədə də əlaqələr inkişaf etməkdədir. Azərbaycan və İtaliya arasında təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlıq proqramları həyata keçirilir. Müxtəlif universitetlər arasında tərəfdaşlıq əlaqələri qurulmuş, tələbə mübadiləsi proqramları genişləndirilmişdir. Eyni zamanda, İtaliyada Azərbaycan mədəniyyət günləri, Azərbaycanda isə İtaliya incəsənətinə həsr olunmuş tədbirlər təşkil edilir ki, bu da xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
Azərbaycan ilə İtaliya arasında münasibətlər çoxşaxəli xarakter daşıyır və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu əlaqələrin davamlı və perspektivli olduğunu göstərir. Mövcud əməkdaşlıq mexanizmləri və qarşılıqlı maraqlar əsasında gələcəkdə bu münasibətlərin daha da genişlənəcəyi və yeni sahələri əhatə edəcəyi gözlənilir. Baş nazir Ciorcia Meloninin Azərbaycana səfəri bu münasibətlərin daha da dərinləşəcəyinin göstəricisidir. İtaliya bu gün Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olaraq qalır və mövcud dinamika göstərir ki, yaxın gələcəkdə bu əməkdaşlıq daha geniş miqyas alacaq.
