YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya bazarı Azərbaycan üçün çox maraqlıdır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ölkəmizdə səfərdə oldu. Azərbaycan və İtaliya strateji tərəfdaşdılar. Qeyd edək ki, İtaliya 1992-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələrin qurulması qarşılıqlı münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Cənubi Qafqaz ölkələri arasında ilk dəfə 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə Azərbaycanın İtaliyada səfirliyi açıldı. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni, texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanmış və bu sənədlər ölkələrimiz, xalqlarımız arasında dostluğun, əməkdaşlığın daha da möhkəmləndirilməsində hüquqi baza yaratmışdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin İtaliyaya səfərləri də davamlılığı ilə diqqətdədir. Qarşılıqlı səfərlər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır.  

Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək və geniş tərkibdə görüşündə, mətbuata bəyanatında əlaqələrimizin ayrı-ayrı sahələrdə uğurlu inkişafından geniş bəhs edərək, perspektivləri açıqladı. Azərbaycan ilə İtaliya arasında mövcud siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu yüksək dəyərləndirilir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir.  Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

İtaliya bazarı Azərbaycan  üçün çox maraqlıdır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur. İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.

Tərəflər Azərbaycan-İtaliya münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliklərini ifadə etdilər. Qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin  əməkdaşlığa verdiyi töhfələr təqdir edildi. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni vurğuladı ki, biz Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd etdik. Enerji və daşımalar birmənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər.

DİGƏR Xəbərlər Arxiv