Xəbərlər
İtaliya Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ölkəmizdə səfərdə oldu. Dövlət başçısı İlham Əliyevin Ciorcia Meloni ilə mətbuata bəyanatları Azərbaycan-İtaliya münasibətlərinin gələcək inkişafı ilə bağlı mühüm çağırışları özündə ehtiva etdi. “Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır” deyən dövlətimizin başçısı onu da qeyd etdi ki, ölkələrimiz strateji tərəfdaşdırlar. 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır: “Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”.
Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan-İtaliya əməkdaşlığında enerji sektoru xüsusi yer tutur. Prezident İlham Əliyev bildirdi ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Azərbaycan üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir. O da vurğulandı ki, Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur. İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Onu da qeyd edək ki, Azərbaycan hazırda 16 ölkəyə qaz ixrac edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Ümumilikdə Azərbaycanla Avropa İttifaqı və quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Quruma üzv ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana davamlı səfərləri özündə mühüm məqamları ehtiva edir. Bu, dövlətimizin uğurlu xarici siyasətinin nəticəsidir. Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Azərbaycan-İtaliya münasibətlərinin yeni istiqamətlər üzrə inkişafının səfər çərçivəsində geniş müzakirə edilməsi də əlaqələrin gələcək inkişafına çağırışdır. Son illərdə daha çox diqqət göstərilən sahələrdən biri də təhsildir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılışı bunun bariz nümunəsidir. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni vurğuladı ki, Azərbaycanın Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirməsini istərdik. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısı rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən 2026-cı ilin ikinci yarısında Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək. İş əsnasında bizi birləşdirən çoxsaylı mövzular var. Bu işləri birgə icra edə bilərik. İtaliya Azərbaycanla həyata keçirdiyi mühüm tərəfdaşlığı uzunmüddətli tərəfdaşlıq kimi görür və bundan sonra da uzunmüddətli olmasını istəyir.
