YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülh gündəliyinin inkişafında böyük rola malikdir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Prezident İlham Əliyev mayın 4-də Ermənistanda keçirilən  “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış etdi. Çıxışda Azərbaycanın mövqeyi aydın və dolğun şəkildə ifadə olundu. Reallıq budur ki,  cənab İlham Əliyevin qeyd etdiyi kimi, cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Donald Tramp, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.

Göründüyü kimi, hazırda Azərbaycanın əsas rolu vasitəsilə regionda sülh gündəliyi irəliləyir və kommunikasiyaların açılması daha geniş regional inteqrasiyaya şərait yaradır. Sülh prosesinin bu uğurlu nəticələri  fonunda Avropanın iki  siyasi təsisatı - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ənənəvi olaraq Azərbaycana qarşı qərəzli  mövqe nümayiş etdirir, sülh gündəliyinə zidd addımlar atırlar. Prezident İlham Əliyev videobağlantı formatındakı çıxışında qeyd etdi ki,  əfsuslar olsun  heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür.  Mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.

  Avropa Parlamentinə gəldikdə,  qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin başçısı  İlham Əliyevin çıxışında dünyanın ikili standartlara əsaslanan siyasətinə Azərbaycanın mövqeyi aydın şəkildə ifadə edilir. Səsləndirilən çağırışlar çiddi mesajdır.