Xəbərlər
Azərbaycan regional sülh və əməkdaşlığın tərəfdarıdır
Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri
Bu gün dövlətimizin xarici siyasət kursunda Azərbaycanla İtaliya Respublikası arasında qarşılıqlı münasibətlər mühüm yer tutur.Hər iki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də ölkəmizə səfər etməsi də qarşılıqlı əlaqələrimizin güclənməsindən xəbər verir. Hər iki dövlətin liderlərin görüşündə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər həyatda da öz əksini tapır.
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq getdikcə genişlənir. Bu istiqamətdə əlaqələr bir sıra sahələri əhatə etsə də, öndə enerji tərəfdaşlığıdır. Məlumdur ki, İtaliya xeyli vaxtdır Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşlarından birinə çevrilib, bu sahədə ikinci yerdədir.
Son illərin ən möhtəşəm meqalayihələrindən olan "Cənub qaz dəhlizi"nin axırıncı məntəqəsi də məhz İtaliyadır. Yəni bu dəhliz Azərbaycandan başlayaraq Gürcüstanın,Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından 3500 kilometr yol keçərək İtaliya torpağına çatır və orada ölkənin qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.
Təsadüfi deyil ki, yüksək səviyyədə Azərbaycan-İtaliya görüşlərində həmişə enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilir, bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, kəmərin İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulur, xəttin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılır.
İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə səfəri çərçivəsində də bu mövzu diqqət mərkəzində olub. Əlbəttə ki, Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da müstəsna rolu var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu ölkənin mədəni irsinin qorunması baxımından önəmlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən, mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirilib. Bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombaları Fondun dəstəyi ilə yenidən həyat qazanıb. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir.
İki ölkə arasındakı münasibətlərin mənəvi və intellektual sütununu təşkil edən humanitar sahədə İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti xüsusi strateji əhəmiyyət kəsb edir. Artıq 500-dən çox istedadlı gəncin təhsil aldığı bu müasir bilik ocağı prioritet sahələrdə italyan innovasiya ruhunu Azərbaycanın böyük inkişaf potensialı ilə sintez edən unikal bir layihədir. Bu təhsil ocağı İtaliyanın nüfuzlu universitetlərinin zəngin təcrübəsini ölkəmizə transfer etməklə iqtisadiyyatımızın müxtəlif sektorları üçün beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirir. Beləliklə, İtaliya-Azərbaycan Universiteti sadəcə bir tədris müəssisəsi deyil, iki xalqın mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdıran, ortaq gələcəyə hesablanmış intellektual bir körpü və humanitar əməkdaşlığın ən uğurlu nümunəsidir. “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir”, - deyə Prezident bildirib.
Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr davamlı olaraq güclənir.
