YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Avropa Siyasi Birliyi” beynəlxalq siyasi dialoqun vacib platformalarından biridir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində onlayn formatda etdiyi çıxış təkcə diplomatik protokol hadisəsi kimi deyil, həm də Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqların aydın ifadəsi kimi qiymətləndirilir. Bu çıxış həm region ölkələri, həm də özlərini vasitəçi və arbitr kimi təqdim edən Avropa institutları üçün prinsipial mesajlarla zəngin idi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin artıq tam təmin olunduğunu vurğulayaraq regionda post-münaqişə dövrünün yeni mərhələsinin başlandığını diqqətə çatdırdı. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi bir daha açıq şəkildə ifadə edildi və qeyd olundu ki, regionda davamlı sülhün təmin olunması üçün əsas şərt qarşılıqlı şəkildə dövlətlərin sərhədlərinin tanınmasıdır. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü təşəbbüsləri xatırladaraq, sülh müqaviləsinin imzalanmasının region üçün yeni imkanlar yaradacağını qeyd etdi. Bu, yalnız iki ölkə arasında münasibətlərin normallaşması deyil, bütövlükdə Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələrinin açılması və regional inteqrasiyanın güclənməsi deməkdir.

Ölkə başçısının çıxışında diqqətçəkən məqamlarından biri də Avropa institutlarına ünvanlanan mesajlar idi. Prezident dolayısı ilə bəzi Avropa dairələrinin selektiv yanaşmalarını tənqid edərək, obyektivlik və balanslı mövqe nümayiş etdirməyin vacibliyini vurğuladı. Bu, xüsusilə regionda vasitəçilik missiyası həyata keçirmək istəyən qurumların etibarlılığı baxımından mühüm mesaj kimi səsləndi. Azərbaycanın mövqeyi ondan ibarət idi ki, hər hansı vasitəçi tərəfsiz olmalı, beynəlxalq hüququ rəhbər tutmalı və regionda yeni qarşıdurma elementləri yaratmaqdan çəkinməlidir. Prezident Azərbaycanın mövqeyinin təhrif olunmasına qarşı çıxaraq, reallıqların düzgün təqdim edilməsinin vacibliyini vurğuladı. Bu, xüsusilə Qərb auditoriyası üçün ünvanlanmış mühüm mesaj idi və Azərbaycanın öz narrativini beynəlxalq platformalarda daha aktiv şəkildə təqdim etmək niyyətini ortaya qoydu.

Prezident İlham Əliyevin çıxışının ən müzakirə olunan və diqqət çəkən məqamlarından biri Avropa Parlamentinin son illərdə qəbul etdiyi qərarların regionda sülh və sabitliyin möhkəmləndirilməsinə xidmət etməkdən daha çox, mövcud həssas balansı sarsıdan amillərdən biri kimi qiymətləndirilməsi ilə bağlı idi.Son beş il ərzində Azərbaycana qarşı qəbul edilmiş 14 qətnamənin qeyd olunması təsadüfi statistika kimi deyil, müəyyən siyasi xəttin göstəricisi kimi təqdim olunur. Bu yanaşma belə bir qənaət yaradır ki, həmin sənədlər ayrı-ayrı hadisələrə reaksiya olmaqdan daha çox, sistemli və məqsədyönlü mövqenin tərkib hissəsidir. Bu isə öz növbəsində Avropa Parlamentinin obyektiv vasitəçi imici ilə bağlı suallar doğurur. Əgər beynəlxalq qurumlar həqiqətən də vasitəçi və ya arbitr rolunda çıxış etmək niyyətindədirlərsə, onların fəaliyyəti balanslı, qərəzsiz və beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Əks halda, qəbul edilən sənədlər və sərgilənən mövqe tərəflər arasında etimadı artırmaq əvəzinə, qarşılıqlı inamsızlığı dərinləşdirə bilər ki, bu da sülh prosesinə mənfi təsir göstərir.

Prezident İlham Əliyevin bu çıxışı həm regional aktorlar, həm də Avropa institutları üçün aydın siqnallar verdi. Cənubi Qafqazda yeni reallıqlar formalaşıb və bu reallıqlarla hesablaşmadan effektiv siyasət qurmaq mümkün deyil.