YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və memarlıqda milli üslub”

Tərtər rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə iştirakçılar Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndərin ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf strategiyasını müəyyənləşdirərək şəhərsalma, memarlıq və abadlıq sahələrinin müasir əsaslar üzərində formalaşdırılmasını təmin edib. Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilməsinə, gözəl dizaynlı binalarla, heykəllərlə gözəlləşdirilməsinə xüsusi diqqət yetirib. “Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib”, – deyərək, memarlıq və inşaat sahəsində də böyük tərəqqi əldə edilməsini prioritet sayıb. Ümummilli Liderin Azərbaycan memarları qarşısında qoyduğu ilk tapşırıq belə idi ki, tikilinin formasından asılı olmayaraq, milli üslub, milli kolorit, tarixi, klassik memarlıq adət-ənənələri davam etdirilməlidir.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxışında qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, şəhər və rayonlarımızın siması yenilənir.

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev isə ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işlərində milli memarlıq üslubunun qorunması və müasir şəhərsalma prinsipləri ilə uzlaşdırılmasında Heydər Əliyevin rolundan danışıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul edilən üzvlərə vəsiqələr, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Sonda rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub.

Qeyd edək ki, rayonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası da keçirilib. Aksiya çərçivəsində 200 ədəd Eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.