Xəbərlər
Nərimanovda partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Z.Bünyadov küçəsi 1965 ünvanı” üzrə ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən görüşdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Çıxışlarda Ulu Öndərin dövlətçilik fəaliyyətindən, Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirərək bir sıra mühüm uğurların əldə olunmasına zəmin yaradıb. Xüsusilə Onun rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və işğaldan azad olunmuş torpaqlarımızın geri qaytarılması bu siyasətin bariz nümunəsidir.
Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın ölkəmizdə həyata keçirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirakının müstəqil Azərbaycan dövlətinin yüksəlişinə və tərəqqisinə öz töhfəsini verdiyi qeyd olunub.
Sonra YAP Nərimanov rayon təşkilatının “Z.Bünyadov küçəsi 1965 ünvanı” üzrə ərazi partiya təşkilatına sədr seçkisi keçirilib. Agentliyin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov üzvlərin səsverməsi ilə təşkilatın yeni sədri seçilib.
