YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–İtaliya münasibətləri: sabitlik və inkişaf naminə əməkdaşlıq modeli

Heydər Əsədov

Milli Məclisin deputatı

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında əlaqələrin yüksək dinamika ilə və çoxşaxəli istiqamətlər üzrə genişləndiyini nümayiş etdirir. Strateji tərəfdaşlıq çərçivəsində inkişaf edən əlaqələr siyasi dialoqdan tutmuş enerji, iqtisadiyyat, sənaye və təhsil sahələrinə qədər geniş spektri əhatə edir və uzunmüddətli əməkdaşlıq modelinin formalaşdığını təsdiq edir.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin hüquqi-siyasi bazası 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri ilə möhkəmləndirilib. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müəyyən etməklə yanaşı, əlaqələrin daha sistemli və davamlı əsaslar üzərində qurulmasına şərait yaradıb. Hazırda bu çərçivədə formalaşan siyasi dialoq yüksək səviyyəli qarşılıqlı etimadın göstəricisi kimi çıxış edir.

Səfər çərçivəsində xüsusi diqqət çəkən məqamlardan biri də Baş nazirin Ermənistanda proqramını başa vurduqdan sonra Azərbaycana gəlməsi olub ki, bu da diplomatik münasibətlərdə siyasi balansın və obyektiv yanaşmanın təzahürü kimi dəyərləndirilir.

İkitərəfli münasibətlərin əsas komponentlərindən biri enerji sahəsində əməkdaşlıqdır. İtaliya Azərbaycanın həm neft, həm də qaz ixracında əsas tərəfdaşlarından biridir və enerji bazarında aparıcı mövqe tutur. Ötən il 25 milyard kubmetr qaz ixracının 9,5 milyard kubmetri İtaliya bazarına yönəlib ki, bu da əməkdaşlığın perspektivlərini təsdiq edir. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizi və həmin layihənin seqmenti olan TAP layihəsi əsasında qurulub. Gələcək mərhələdə bu infrastrukturun genişləndirilməsi enerji təhlükəsizliyinin daha da gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik: “Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır”.

Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində investisiya yatırması isə qarşılıqlı iqtisadi etimadın bariz nümunəsidir. Hazırda 130-a yaxın İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir və bu rəqəmin artması perspektivləri müzakirə olunur. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətlərinin 23 layihədə iştirakı iqtisadi əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir: “Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir”.

Yeni əməkdaşlıq istiqamətlərindən biri də hərbi-texniki sahədir. Birgə istehsal, texnoloji təcrübə mübadiləsi və sənaye layihələrinin həyata keçirilməsi bu sahədə atılan yeni addımların mahiyyətini əks etdirir. İtaliya texnologiyası və Azərbaycan maliyyə imkanlarının birləşdirilməsi innovativ sənaye modelinin formalaşmasına zəmin yaradır.

Əlaqələrin ən perspektivli istiqamətlərindən biri təhsil sahəsidir. Bakıda açılmış İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında humanitar körpü rolunu oynayır. Hazırda 500-dən çox tələbənin təhsil aldığı bu ali təhsil müəssisəsi gələcəkdə həm peşəkar kadrların hazırlanmasına, həm də mədəni və akademik əlaqələrin dərinləşməsinə xidmət edəcəkdir.

Azərbaycan–İtaliya münasibətləri artıq strateji tərəfdaşlıq modelinə çevrilib. Enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya, sənaye əməkdaşlığı və təhsil sahəsindəki layihələr bu münasibətlərin dayanıqlı və çoxşaxəli xarakterini gücləndirir. Tərəflər arasında əməkdaşlıq gələcəkdə daha da genişlənərək regional və beynəlxalq miqyasda mühüm rol oynamağa davam edəcəkdir.