Xəbərlər
Heydər Əliyev irsinin öyrənilməsi daim diqqət mərkəzindədir
Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatı və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixdə silinməz iz qoymuş, ölkəmizin müstəqilliyini qoruyaraq onu möhkəm təməllər üzərində inkişaf yoluna çıxarmışdır. Ulu Öndərin uzaqgörən siyasəti, milli maraqlara söykənən strateji qərarları və xalqına bağlılığı bu gün də hər bir azərbaycanlı üçün örnəkdir. Bildirib ki, məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoymuş, beynəlxalq arenada öz layiqli yerini tutmuşdur. Bu siyasi xəttin bu gün də uğurla davam etdirilməsi ölkəmizin daha da güclənməsinə və yeni nailiyyətlər qazanmasına zəmin yaradır.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova isə qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan çətin və mürəkkəb dövrlərdən uğurla çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoymuşdur. Qeyd olunub ki, məhz Heydər Əliyevin müəyyən etdiyi strateji kurs nəticəsində Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmiş, sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə etmişdir.
Tədbirdə çıxış edən digər natiqlər — ali dərəcəli həkim-pediatr, Əməkdar həkim Etibar Həşimov, şəhid Arif Nuriyev adına Lerik şəhər 1 №li texniki fənlər təmayüllü liseyinin direktoru, Əməkdar müəllim, 2 saylı ƏPT-nın sədri Gültəkin Şıxəliyeva, eləcə də şəhid ataları Heydərov Rəbbil, Rəhmətov Hüseynverdi və Yaqubov Mükafat çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Çıxışlarda Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması və xalqın rifahı naminə həyata keçirdiyi əvəzsiz xidmətlər xüsusi vurğulanıb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir sıra şəxslər fəxri fərmanlarla təltif olunublar.
