Xəbərlər
Saatlıda sərbəst güləş üzrə yarış keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin birgə təşkilatçılığı, Saatlı Olimpiya İdman Kompleksinin təşkilati dəstəyi və ev sahibliyi ilə yeniyetmələr və gənclər arasında sərbəst güləş idman növü üzrə yarış keçirilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Ümummilli Lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirib. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafına yüksək dövlət qayğısı göstərildiyini vurğulayıb.
Daha sonra Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Əzizov idmançılara uğurlar arzulayıb, yarışın keçirilməsində əsas məqsədin Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağını artırmaq olduğunu qeyd edib.
Sərbəst güləş üzrə 24, 27, 30, 35, 45, 55, 60 və 65 kq çəki dərəcələrində ümumilikdə 53 yeniyetmə və gənc mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda I, II, III yerlərin sahibləri müvafiq diplom, medal və hədiyyələrlə təltif edilib.
Sonda xatirə şəkli çəkdirilib.
