Xəbərlər
“Heydər Əliyev və Azərbaycan gəncliyi”
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və “Bakı prospekti 20” (“Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsi) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Ulu Öndər Heydər Əliyev XX və XXI əsrlərdə Azərbaycan tarixinin ən mühüm mərhələlərində xalqın taleyinə həlledici təsir göstərmiş görkəmli dövlət xadimi, müdrik siyasətçi və milli lider kimi yadda qalmışdır. Onun rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin möhkəm təməli qoyulmuş, müstəqil respublikanın siyasi, iqtisadi və ideoloji əsasları formalaşdırılmış, ölkənin uzunmüddətli inkişaf strategiyası müəyyən edilmişdir.
Qeyd olunub ki, 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan gənclərinin inkişafı, onların potensialından səmərəli istifadə edilməsi Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən olmuşdur.
Vurğulanıb ki, bu siyasi kurs bu gün də Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bildirilib ki, Vətənə bağlı, milli ruhda yetişən Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şücaət göstərərək ölkəmizin ərazi bütövlüyünün bərpasında mühüm rol oynamış, düşmənə sarsıdıcı zərbə vurmuşdur.
Tədbirdə çıxış edən digər natiqlər də qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği və onun ideyalarının gənc nəslə aşılanması Azərbaycanın davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
