Xəbərlər
İdman gənclərin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin əsas tərkib hissələrindəndir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı əldə olunan uğurlarda özünün aydın ifadəsini tapır. Belə ki, ötən ilin statistik rəqəmlərinə diqqət yetirsək bunu aydın şəkildə görərik. İdmanın inkişafının əsas göstəricilərindən biri medallardır ki, ötən il beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. 2024-cü il ilə müqayisədə medalların sayı daha çoxdur və bu, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Azərbaycanda çoxsaylı idman növləri üzrə ən müasir standartlara cavab verən infrastruktur qurulub. Bütün bölgələrimizdə idmanla məşğul olmaq üçün zəruri şərait yaradılıb. Hazırda bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. İdman federasiyalarının fəaliyyəti, idmançılarımızın problemlərinin həlli dövlətimizin daimi diqqətindədir. Prezident İlham Əliyev aprelin 30-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edərkən bir daha ölkəmizdə idmanın inkişafı istiqamətində atılan addımlardan, əldə edilən uğurlardan, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən geniş bəhs etdi.
“Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir” söyləyən cənab İlham Əliyev vurğuladı ki, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları. Bu çağırış da səsləndirildi ki, əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri, eyni zamanda, güləş zalları var. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.
Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, əlbəttə, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
İdman gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində çox mühüm rol oynayır. İdmançılarımızın qələbələri, bunun insanlarımızda yaratdığı mənəvi ruh cəmiyyətdə milli birliyi daha da gücləndirir. Vətəndaşlarımızı milli-dövlətçilik idealları ətrafında səfərbər edir. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, hər dəfə beynəlxalq yarışlarda bizim Bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə də müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi şəhərlərin Baş Planında öz əksini tapıb. Ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi və bütün bölgələrdə infrastrukturun yaradılması prioritet məsələlərdəndir.
