Xəbərlər
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 164 730 nəfərə yüksəlib
2015-ci il dekabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayında əlavə olaraq 12 227 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,33 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 164 730 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,19 faizi (1 873 159 nəfər) kişi, 40,81 faizi (1 291 571 nəfər) isə qadındır.
Məlumatı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoru yayıb.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,07 faizini (793 363 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,17 faizini (669 940 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,48 faizini (648 249 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,16faizini (669 668 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 12,12 faizini (383 510 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.