YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikası tərəfindən İordaniyada suriyalı qaçqınlara humanitar yardımın verilməsinə başlanılıb

İordaniya Haşimilər Krallığında müvəqqəti məskunlaşan 1963 nəfərlik 400 suriyalı ailəyə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) maliyyə dəstəyi və ölkəmizin səfirliyinin təşkilatçılığı ilə ərzaq məhsullarından və dərman vasitələrindən ibarət humanitar yardımın ilk mərhələsinin verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən səfir Sabir Ağabəyov İordaniya Kralı II Abdullaha və ölkə hökumətinə göstərilən qayğıya və köməyə görə minnətdarlığını bildirib. Diplomat Suriya münaqişəsinin hazırda dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olduğunu, müharibənin milyonlarla insanın qaçqın və məcburi köçkünə çevrilməsinə, onların ağır fəlakətə düçar olması ilə nəticələndiyini vurğulayıb. Münaqişənin həmin insanların hüquq və azadlıqlarının pozulmasına səbəb olduğunu qeyd edən səfir, eyni zamanda, suriyalı qaçqınlara öz ərazilərində sığınacaq vermiş qonşu ölkələrin də bu problemdən əziyyət çəkdiyini deyib.

S.Ağabəyov oxşar problemləri yaşayan ölkə kimi Azərbaycanın Suriya xalqının əzab və əziyyətlərini daha yaxından hiss etdiyini söyləyib. Diplomat 20 ildən artıqdır Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu və hazırda ölkəmizdə bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşadığını vurğulayıb. Bu müddətdə qaçqın probleminin ölkə iqtisadiyyatına vurduğu ziyan, eləcə də işğal altındakı torpaqlarımızda yüzlərlə mədəniyyət və incəsənət ocağının ermənilər tərəfindən məhv edildiyi, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qarabağda tarixi abidələrin, qəbiristanlıqların dağıdıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir bildirib ki, Azərbaycan artıq beynəlxalq aləmdə yeni donor ölkəsi kimi çıxış edir. Dünyada baş verən iqtisadi böhranlara baxmayaraq, AIDA Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsində humanitar və inkişaf məqsədli layihələr həyata keçirməkdə davam edir. Bu nəcib missiyanın davamı kimi, Suriyanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyən, sülhsevər ölkə olan Azərbaycan suriyalı qaçqınlar üçün iki mərhələdən ibarət humanitar yardım təşkil edib. Birinci mərhələ dörd gün davam edəcək.

Tədbirdə İordaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən İordaniya-Azərbaycan qardaşlıq komitələrinin sədrləri və üzvləri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin, sabiq hökumət üzvləri, Krallığın rəsmi və işgüzar dairələrinin, ölkədə akkreditə olunan diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Azərbaycan icmasının, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, tanınmış ziyalılar və dövlət qurumlarının məsul işçiləri, Silahlı Qüvvələrin və İctimai Təhlükəsizlik Departamentinin rəsmiləri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbir İordaniyanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.