Xəbərlər
Yasamal rayonunda stolüstü tennis turniri təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman tədbirləri keçirilir. Bu çərçivədə stolüstü tennis turniri təşkil olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilən turnirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək Azərbaycanda müasir idman siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Qeyd olunub ki, ölkədə idmanın inkişafı üçün mühüm infrastruktur layihələri həyata keçirilir, müasir idman kompleksləri istifadəyə verilir və gənclərin idmana marağının artırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Natiqlər vurğulayıblar ki, bu cür idman yarışları gənclər arasında sağlam həyat tərzinin təşviqinə, onların fiziki hazırlığının yüksəldilməsinə, eləcə də sosial fəallığın artırılmasına mühüm töhfə verir. Eyni zamanda belə tədbirlər gənclər arasında dostluq, həmrəylik və sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır.
Stolüstü tennis turniri yüksək rəqabət şəraitində keçib. Yarışın sonunda qalib komandaların üzvlərinə diplom və medallar təqdim olunub.
