Xəbərlər
YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14 (Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatında “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Onun şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır.
Ərazi partiya təşkilatının sədri, mərkəzin direktoru Rəhilə Həsrətova çıxış edərək ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Xüsusilə əlilliyi olan şəxslərin sosial müdafiəsi, məşğulluğu və cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasətinin mühüm nəticələri diqqətə çatdırılıb.
Çıxış edən Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Fatimə Xanəlizadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mühüm nailiyyətlər əldə olunub, reabilitasiya və peşə hazırlığı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu siyasət əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına, onların cəmiyyətə fəal inteqrasiyasına geniş imkanlar yaradır.
Tədbir çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, dövlətin sosial siyasətinin əhəmiyyəti və bu siyasətin əlilliyi olan şəxslərin həyatına müsbət təsiri müzakirə olunub.
