Xəbərlər
Zərifə xanım Əliyevanın elmi irsi müasir səhiyyə sistemi üçün mühüm əhəmiyyət kəsb edir
Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Zəngilan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş video çarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafında mühüm rolundan, insanlara göstərdiyi yüksək qayğı və diqqətdən bəhs edib. O, Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanım Əliyeva yalnız öz dövrünün deyil, bu günümüzün də tibb ictimaiyyəti üçün örnək olan şəxsiyyətdir. Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi istiqamətində gördüyü işlər Azərbaycan tibb elminə mühüm töhfələr verib.
Zəngilan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ceyran Abbasova da öz çıxışında akademik Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən, onun elmi məktəbinin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, akademikin elmi irsi müasir səhiyyə sistemində mühüm əhəmiyyət kəsb edir və gələcək nəsillər üçün dəyərli mənbədir.
Tədbirdə çıxış edən digər həkimlər də Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən və cəmiyyətə verdiyi töhfələrdən bəhs ediblər. Vurğulayıblar ki, Zərifə xanım Əliyevanın xatirəsi hər zaman ehtiramla yad edilir və Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
