Xəbərlər
Samuxda akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə Əliyevanın vəfatının 41-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və digər çıxış edənlər akademik Zərifə Əliyevanı yüksək peşəkarlığı ilə seçilən həkim və fəal ictimai xadim kimi xarakterizə ediblər. Natiqlər alimin insanların sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması istiqamətində göstərdiyi fədakar xidmətlərdən bəhs edərək, onun humanist və qayğıkeş insan olduğunu vurğulayıblar.
Qeyd olunub ki, akademik Zərifə Əliyeva ölkədə, xüsusilə regional əhəmiyyət kəsb edən göz xəstəliklərinin, o cümlədən peşə xəstəliklərinin öyrənilməsi, bu sahədə effektiv müalicə və profilaktika üsullarının hazırlanması istiqamətində mühüm elmi tədqiqatlar aparmışdır. Onun bu sahədə əldə etdiyi nəticələr təkcə oftalmologiya elmi üçün deyil, ümumilikdə respublikanın səhiyyə sistemi üçün böyük əhəmiyyət kəsb edir.
Həmçinin bildirilib ki, akademik Zərifə Əliyeva tanınmış alim, novator həkim olmaqla yanaşı, həm də qayğıkeş ana və sədaqətli ömür-gün yoldaşı kimi daim insanların qəlbində yaşayır.
