Xəbərlər
Futzal üzrə "Şəki Kuboku - 2026" turnirinin açılış mərasimi keçirilib
Şəki Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan futzal üzrə “Şəki Kuboku - 2026” turnirinin açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev Ümummilli Lider Heydər Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, dövlət səviyyəsində idmana göstərilən dəstək bu gün də uğurla davam etdirilir.
Bildirilib ki, ənənəvi xarakter daşıyan turnirin əsas məqsədi Heydər Əliyev irsinin təbliği, gənclərin idmana marağının artırılması, həmçinin təşkilatlar arasında əməkdaşlıq və ünsiyyətin gücləndirilməsidir.
Turnirdə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatları təmsil edən 18 komanda 4 qrup üzrə mübarizə aparacaq.
Açılış oyunu “Marxal” və “Məhkəmə” komandaları arasında keçirilib. Qarşılaşma “Marxal” komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
