YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə Əliyeva Azərbaycan səhiyyəsində silinməz izlər qoymuşdur

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il keçməsinə baxmayaraq, Azərbaycan tibb elminin parlaq simalarından biri kimi xalqımızın yaddaşında yaşayır. Onun zəngin elmi irsi, insanlara bəxş etdiyi nur və oftalmologiya sahəsindəki misilsiz xidmətləri bu gün də böyük ehtiramla xatırlanır. Görkəmli alim kimi qazandığı uğurlar, eyni zamanda yüksək mənəvi keyfiyyətləri Zərifə Əliyevanı yalnız bir tibb işçisi deyil, həm də nəcib insanlıq nümunəsinə çevirmişdir. Bu gün onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad edilir.

Zərifə Əliyeva Azərbaycan səhiyyəsində silinməz izlər qoymuşdur. O, şöhrətli alim, görkəmli oftalmoloq kimi öz töhfələrini verməklə yanaşı, gənc həkimlərin inkişafı naminə də çalışmışdır. Novator alimin zəngin elmi irsi, öz sahəsi üzrə apardığı tədqiqatlar, müəllifi olduğu əsərlər ölkəmizin tibb sahəsinin genişlənərək inkişaf etməsində çox mühüm əhəmiyyət kəsb edir. Onun əsərləri oftalmoloqların daim müraciət etdiyi, yaşanan zamandan asılı olmayaraq, onları qane edən, bilik və təcrübələrini artırmağa yardımçı olan dərsliklərdir. Akademik Zərifə xanımın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtması və öz dəst-xəti ilə hər zaman seçilməsi onun fərqliliyindən, qabiliyyətindən xəbər verir. Bu görkəmli alim Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə birinci dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. 1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumdünya Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin - mükəmməl təşkilatçılıq bacarığının üzə çıxmasına imkan yaratmışdır.

Zərifə xanım Əliyevanın elmi fəaliyyəti yalnız nəzəri biliklərlə məhdudlaşmamış, praktiki sahədə də minlərlə insanın sağlamlığının qorunmasına xidmət etmişdir. Zərifə Əliyeva daim insanlara sevgi və qayğı ilə yanaşaraq həkimlik peşəsinin ən ali keyfiyyətlərini özündə cəmləşdirmişdir. O, həm də gənc kadrların yetişdirilməsinə xüsusi önəm vermiş, öz bilik və təcrübəsini gələcək nəsillərə ötürərək Azərbaycan tibb məktəbinin inkişafına böyük töhfə vermişdir.1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş verir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Bu mükafatı oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur alim-oftalmoloqlar alırdılar. Azərbaycan aliminin belə nüfuzlu mükafata layiq görülməsi ölkəmizin elm aləmində xoş ovqat yaratdı. Moskvadan alınan xoş xəbər Zərifə xanımın uzun illərdən bəri insanlara bəxş etdiyi şəfqət işığının davamı kimi Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, respublika səhiyyəsinin yollarını nura qərq edir. Bir faktı da qeyd edək ki, Zərifə xanım Əliyeva bu mükafata layiq görülən ilk qadın alim-oftalmoloq idi.

Zərifə xanım Əliyeva mənsub olduğu xalqı işıqlı ideallara qovuşdurmaq yolunda apardığı qətiyyətli mübarizədə böyük dövlət xadimi Heydər Əliyevin ən etibarlı silahdaşı olmuşdur. Güclü, müstəqil Azərbaycan amalı uğrunda apardığı haqq mücadiləsində Ulu Öndərin iki əsas mənəvi dayağı vardı. Onlardan biri daim bu böyük dövlət adamının qüdrətinə güvənən, taleyini onun müdrikliyinə etibar edən Azərbaycan xalqı, digəri isə bütün həyatını ona həsr etmiş, vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyeva idi. Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: "Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın". Görkəmli alim nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olmuş, həmin sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" Bakıda, "İridodiaqnostika" isə 1988-ci ildə Moskvada nəşr olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitablar ilk dəfə Zərifə xanım Əliyeva tərəfindən yazılmışdır.

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də aktuallığını qoruyur, onun apardığı tədqiqatlar və əldə etdiyi nəticələr müasir oftalmologiya üçün mühüm əhəmiyyət kəsb edir. Onun adı təkcə Azərbaycanla deyil, beynəlxalq tibb ictimaiyyəti ilə də sıx bağlıdır və bu, onun yüksək elmi nüfuzunun göstəricisidir. Akademik Zərifə xanım Əliyeva kimi şəxsiyyətlər böyük dəyərlərin simvollarıdırlar. Onları xatırlamaq həm də bu dəyərləri yada salmaq, onların göstərdiyi istiqamətə yönəlməkdir. Dəyərlər də insanlar kimidir, xatırlandıqca yaşayırlar. Dünyaşöhrətli alim Zərifə Əliyeva da hər zaman yaddaşlarda yaşayacaq və bu işıqlı ömrün ətrafında bir araya gələn dəyərlərə əbədi ömür bəxş edəcək.