Xəbərlər
YAP Laçın rayon təşkilatı Laçın şəhərində görüş keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının Laçın şəhəri və Zabux kənd ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Laçın şəhəri, Zabux, Sus və Bəylik kəndlərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müqəddəs missiya Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılıb. Qeyd edib ki, Heydər Əliyev siyasi irsini müasir dövrün çağırışlarına uyğun zənginləşdirən dövlət başçısı varislik prinsipi əsasında həyata keçirdiyi uzaqgörən siyasətlə xalqımıza dövlətçilik tariximizin ən möhtəşəm uğurlarını qazandırıb. Bu nailiyyətlərin zirvəsi isə 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi və ölkə suverenliyinin tam bərpasıdır.
Çıxışda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin arzu və vəsiyyətlərini şərəflə yerinə yetirdiyi, Azərbaycanın milli gücünü və beynəlxalq nüfuzunu daha da möhkəmləndirdiyi xüsusi vurğulanıb.
Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, “Böyük Qayıdış” proqramının uğurla icra olunduğu və bunun ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
İlqar İlyasov Ulu Öndər Heydər Əliyevin ideyalarının əbədi yaşayacağını bildirərək, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində də uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib. O, il ərzində tədbirlər planına uyğun həyata keçiriləcək tədbir və görüşlər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müsabiqələr və qarşıda duran vəzifələrlə bağlı ərazi partiya təşkilatlarına müvafiq tapşırıqlar verib.
Görüşdə Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov, Laçın rayon Sus kənd tam orta ümumtəhsil məktəbinin direktoru Dünarə Əbdürəhimanova, 54 və 55 saylı ərazi partiya təşkilatlarının sədrləri Şəbnəm Uğurlu və Mübariz Rüstəmov çıxış edərək görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrin yüksək səviyyədə icra olunacağını bildiriblər.
