YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı və məsuliyyətli tərəfdaşlar

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Dövlət başçısı İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri bunun bariz nümunəsidir. Qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır.  

Dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev ötən dövr ərzində Gürcüstana 10-dan artıq səfər edib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze ötən il yanvar, Gürcüstan Prezidenti  Mixeil Kavelaşvili isə aprel ayında ölkəmizdə səfərdə oldu. Hər bir səfər münasibətlərin dünəninə baxış əsasında yeni səhifənin açılmasıdır.

Cənab İlham Əliyev səfər çərçivəsində Gürcüstan Prezidenti  Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze  ilə  görüşlərində, eyni zamanda, İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatlarında səfərin  əhəmiyyətindən, iki ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrindən, tarixə söykənən dostluq və mehriban qonşuluq münasibətlərindən geniş bəhs etdi.

Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır. Bu gün də belədir. Bu, həm ölkələrimiz, eyni zamanda, Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkələrdir. Xalqlarımız arasında ənənəvi dostluq davam edir. Hər iki tərəf əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlıdır və birgə addımları ilə buna yüksək səviyyədə nail olurlar. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmləndirilməsinə davamlı töhfələri daim yüksək dəyərləndirilir. Gürcüstanın Baş naziri mətbuata bəyanatında “Cənab Prezident, dövlətlərimiz arasında münasibətlərin gücləndirilməsinə verdiyiniz şəxsi töhfəyə, səfərə gəldiyinizə və məhsuldar əməkdaşlığa görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, ikitərəfli münasibətlərin dərinləşməsi və inkişafına verdiyiniz şəxsi töhfəyə görə xüsusən minnətdaram” fikirləri ilə bunu bir daha təsdiqlədi.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.  Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələrin inkişafında böyük rol oynayıb. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu əminliyi ifadə etdi ki,  səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, iki ölkə arasında nəqliyyat, enerji təhlükəsizliyi, ticarət sahələrində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu Cənubi Qafqaz regionunun gələcəyinə böyük töhfələr verir. Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır. Gürcüstanın Baş naziri mətbuata bəyanatında bildirdi ki, Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq.

DİGƏR Xəbərlər Arxiv